Qayıdış şəhadətnaməsi

Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin Verilmə Qaydası

Qayıdış Şəhadətnaməsi (bundan sonra "Şəhadətnamə") - Səfirlik tərəfindən Azərbaycan vətəndaşlarına və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən və pasportu müvəqqəti əvəz edən giriş-çıxış sənədidir. Verildiyi tarixdən etibarlıq müddəti 1 ay olan bu sənəd yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən tələb olunan sənədlər təqdim edildikdən sonra konsul təqdim olunmuş sənədlər əsasında Qayıdış şəhadətnaməsi üçün ərizəni qiymətləndirəcək. Konsulluq bölməsi tam şəkildə doldurulmuş ərizəni qəbul etdikdən sonra 3 iş günü ərzində Qayıdış Şəhadətnaməsini verir.

Qayıdış şəhadətnamələrinin verilməsi “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”nin 14-1 saylı maddəsinə əsasən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qısa müddət ərzində sorğunun icrası ilə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna bildirir. Sorğunun cavablandırılmasından asılı olaraq 30 günə kimi vaxt tələb oluna bilər.

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin özləri barəsində təqdim etdikləri məlumatların düzgünlüyü təsdiq edildikdə, onlara Şəhadətnamə verilir.

Xarici ölkədə anadan olmuş uşaqlara qayıdış şəhadətnaməsinin verilməsi üçün diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı sorğu göndərilməlidir. Sorğunun göndərilməsi və cavablandırılması üçün ən az 1 ay vaxt tələb olunur.

 

“Qayıdış şəhadətnaməsi” əsasında aşağıdakı şəxslər Azərbaycana qayıda bilər:

  • Xarici ölkədə pasportu itmiş, oğurlanmış və ya istifadə üçün yararsız olmuş və ya pasportunun etibarlılılıq dövrü bitmiş Azərbaycan Respublikasının vətəndaşı;
  • Xarici ölkədə doğulan 18 yaşına çatmayan xarici və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı;
  • Qanuni əsaslarla Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxs və xarici dövlətdə 18 yaşına çatmamış və ya 18 yaşına çatmış və bu vətəndaşlığı olmayan şəxslə Azərbaycana qayıdan uşaq.

 

Vaxtı bitmiş, itmiş və ya oğurlanmış pasportun əvəzinə Qayıdış Şəhadətnaməsini almaq üçün, ərizəçilər konsulluq bölməsinə aşağıdakıları təqdim etməlidirlər:

  • Səfirliyə məsələ ilə bağlı ünvanlanmış ərizə-müraciət;
  • Vaxtı bitmiş və ya yararsız hala düşmüş pasportun əsli və surəti;
  • İtmiş və ya oğurlanmış pasportun surəti.
  • Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin əsli və surəti. Bu olmadıqda üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri – Azərbaycan Respublikası tərəfindən verilən hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilən sürücülük lisenziyası və ya onun şəxsiyyətini müəyyən edən digər rəsmi sənəd;
  • Pasportun itdiyi hallarda, buna dair polis tərəfindən verilən arayışın əsli və notarial tərcüməsi (azərbaycan və ya ingilis dilinə);
  • Ağ fonda 2 (iki) ədəd rəngli fotoşəkil (3x4sm).
  • Azərbaycan Respublikasının vətəndaşını müşaiyyət edən 18 yaşına çatmamış və ya xarici ölkədə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
  • Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyəti təsdiq edən hər hansı rəsmi sənəd;
  • Azərbaycan Respublikasının vətəndaşını müşaiyyət edən 18 yaşına çatmamış və ya xarici ölkədə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum şəhadətnaməsi və ya şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd;
  • Ərizə-Anket forması (ƏLAVƏ № 3);
  • Müvafiq dövlət rüsumunun ödənilməsini təsdiq edən bank qəbzi;

Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs Şəhadətnaməni Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində ona pasport verən dövlət orqanına təhvil verməlidir.