İkitərəfli münasibətlər haqqında

 

Azərbaycan Respublikasının müstəqilliyi İndoneziya Respublikası tərəfindən 28 dekabr 1991-ci il tarixində tanınmış və iki ölkə arasında diplomatik münasibətlər 24 sentyabr 1992-ci il tarixində qurulmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının İndoneziya Respublikasında Səfirliyinin təsis edilməsi haqqında Sərəncamı imzalamış və 1 fevral 2006-cı ildə Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi fəaliyyətə başlamışdır.

1 fevral 2006-cı ildə Cakarta şəhərində Azərbaycan Respublikasının Səfirliyi təsis edilmiş və bu, Azərbaycanın Cənub-Şərqi Asiya regionunda açılan ilk səfirliyi olmuşdur. İndoneziya Respublikası isə 2 dekabr 2010-cu ildə Bakı şəhərində səfirliyini açmışdır.

 

Azərbaycanla İndoneziya arasında qardaşlıq və dostluq əlaqələrinə uyğun olaraq, ikitərəfli qarşılıqlı siyasi dəstək, birgə güclü və etibarlı tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində çox fəal şəkildə əməkdaşlıq edir və BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyirlər. Bununla yanaşı, Azərbaycan və İndoneziya beynəlxalq səviyyədə tanınmış sərhədlərinə uyğun olaraq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və açıq şəkildə dəstəkləyirlər. Azərbaycan təbii fəlakətlər nəticəsində çətin günlər yaşayan qardaş İndoneziya xalqına hər zaman humanitar yardım göstərərək dəstəkləmiş və onun yanında olmuşdur.

 

İki ölkə arasında bir çox sahələrdəki genişmiqyaslı ikitərəfli münasibətlər günü-gündən inkişaf etməkdədir. Hər iki tərəf qarşılıqlı investisiya və ticarəti, turizm sektorunda əməkdaşlığı, təhsil və mədəniniyyət sahəsində əlaqələrin genişləndirilməsi, habelə Azərbaycan və İndoneziyanın regionları arasında münasibətlərin qurulmasını təşviq edir və dəstəkləyir.

 

Əhaliyə dövlət xidmətlərinin göstərilməsi sahəsində ikitərəfli əməkdaşlıq iki ölkə arasında sürətlə inkişaf edən sahələrdən biridir. Azərbaycan eyni bir məkandan bütün dövlət xidmətlərinin göstərildiyi "Bir Pəncərə" sistemi olan "ASAN Xidmət" adlanan qurumun fəaliyyətini və uğurlu təcrübəsini İndoneziya ilə bölüşməkdədir.

 

İki ölkənin universitet və təhsil müəssisələri arasında əməkdaşlığın təşviqi Azərbaycan tərəfindən diqqət mərkəzində saxlanılan mühüm sahələrdən biridir və 2018-ci ildən etibarən Azərbaycan İndoneziyanın da üzv olduğu İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün ali təhsil müəssisələrinin bütün səviyyələri üzrə təqaüdlər təqdim edir.

 

Azərbaycan İndoneziya ilə iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bu baxımdan iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsini fəal şəkildə dəstəkləyir.

 

Mühüm yüksək səviyyəli səfərlər və görüşlər

 

9-13 dekabr 1996-cı ildə İKT (İƏT) xarici işlər nazirlərinin İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərində keçirilmiş 24-cü konfransında Azərbaycan Respublikasının xarici işlər naziri iştirak etmiş və İndoneziya Respublikasının xarici işlər naziri ilə görüşmüşdür. Görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır. Görüşdə hər iki dövlətin BMT və İKT (İƏT) çərçivəsindəki əməkdaşlığından razılıq bildirilmiş və gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.

 

29 oktyabr - 1 noyabr 1997-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İndoneziyada keçirilmiş Müsəlman ölkələrinin dini işlər üzrə nazirlərinin 6-cı konfransında iştirak etmişdir.

 

8-11 dekabr 1997-ci ildə İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş İKT (İƏT) ölkələrinin 8-ci zirvə toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri İndoneziya Respublikası xarici işlər naziri ilə görüşmüşdür. Görüş zamanı iki dövlət arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır. Görüşdə hər iki dövlətin BMT və İKT (İƏT) çərçivəsindəki əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilmişdir.

 

2004-cü ilin iyul ayında İndoneziya Respublikası Xarici İşlər Nazirliyi Cənubi və Mərkəzi Asiya departamentinin rəisi Sanusinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Səfərin əsas məqsədi gündəlikdə olan ikitərəfli saziş layihələrinin müzakirəsi olmuşdur. 2004-cü ilin 20 iyul tarixində nazir müavini X.Xələfovun indoneziyalı qonaqla görüşü zamanı bu məsələlər müzakirə edilmişdir. Görüş zamanı nazir müavini həmçinin 2004-cü ilin payızında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı BMT-ATƏT əməkdaşlığına dair qətnaməyə  Azərbaycan tərəfinin düzəlişi ilə bağlı  keçiriləcək səsvermədə ölkəmizin İndoneziya tərəfinin dəstəkləməsini xahiş etmişdir. İndoneziyalı diplomat Azərbaycan Respublikası Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, AZAL Dövlət konsernində görüşlər keçirmişdir.

 

24 sentyabr 2004-cü ildə BMT Baş Assambleyasının 59-cu sessiyası zamanı  Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovla İndoneziya Respublikası xarici işlər naziri Hasan Virayuda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İndoneziya Respublikasının Xarici İşlər Departamenti arasında Əməkdaşlıq və Məsləhətləşmələr Haqqında Anlaşma Memorandumunu imzalamışlar.

 

18-21 mart 2005-ci ildə İndoneziya Respublikası Prezidentinin şəxsi nümayəndəsi N. Sutresna Azərbaycana səfər etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevə Asiya-Afrika Sammitinə dəvət məktubunu gətirən N.Sutresna Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini A.Əzimovla görüşmüşdür.

 

22-23 aprel 2005-ci ildə İndoneziya Respublikası və Cənubi Afrika Respublikası tərəfindən Cakartada “Asiya – Afrika 2005” Zirvə görüşü təşkil edilmişdir. Zirvə görüşündə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov iştirak etmişdir.

 

6-12 aprel 2006-cı ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Cakartada keçirilmiş BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 62-ci iclasında iştirak etmişdir.

 

19-21 iyun 2006-cı ildə Bakı şəhərində keçirilən İKT (İƏT) XİN başçılarının 33-cü konfransında iştirak etmək üçün İndoneziyanın xarici işlər naziri Həsən Virayuda Azərbaycan Respublikasında səfərdə olmuşdur.

 

9-12 sentyabr 2006-cı ildə Bakı şəhərində keçirilən İslam konfransı Təşkilatının Turizm Nazirlərinin 5-ci Konfransında İndoneziya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin baş müşaviri Muxlis Paenin iştirak etmişdir.

 

26-28 mart 2007-ci ildə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Abbas Vəlibəyov və Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi Samir Abdullayev İndoneziya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə Cakartada təşkil etdiyi quş qripinin yayılmasının qarşısının alınması sahəsində yüksək səviyyəli toplantıda və toplantıya hazırlıqla bağlı ekspertlərin iclasında iştirak etmişlər.

 

21-24 noyabr 2007-ci ildə ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Balidə keçirilmiş Korrupsiyaya Qarşı Mübarizə Qurumlarının Beynəlxalq Assosiasiyasının 2-ci illik iclası və ümumi toplantısında iştirak etmişdir.

 

9-14 dekabr 2007-ci ildə Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov və baş redaktoru Nazim Xıdırov Cakartada keçirilmiş Asiya-Sakit okean Dövlətlərinin Xəbər Agentlikləri Təşkilatının iclasında iştirak etmişlər. Səfər zamanı 13 dekabr 2007-ci ildə AzərTAc-ın baş direktoru A.Aslanov və Antaranın baş direktoru Əhməd Muxlis Yusuf Azərbaycan Dövlət Teleqraf Agentliyi və İndoneziya Milli Xəbər Agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalamışlar.

 

13-20 dekabr 2007-ci ildə Əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə İndoneziya Ticarət və Sənaye Palatasının Rusiya və MDB ölkələri üzrə Komitəsinin baş katibi Rusli Rəşid və “Indorama” şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Arun Taneca Azərbaycana səfər etmişlər.

 

28 yanvar-1 fevral 2008-ci ildə Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Balidə keçirilmiş Korrupsiya əleyhinə BMT Konvensiyasını ratifikasiya etmiş üzv-dövlətlərin Konfransının 2-ci iclasında iştirak etmişdir.

 

31 mart - 2 aprel 2008-ci ildə İndoneziya Respublikasının Baş prokuroru Hendarman Supandcinin başçılıq etdiyi İndoneziya nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasında iştirak etmişdir.

 

11-12 may 2008-ci ildə İndoneziya Respublikasının xarici işlər naziri cənab Hasan Virayuda Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı cənab H.Virayuda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, AR Milli Məclisin sədri Oqtay Əsədov, AR Baş naziri Artur Rasizadə tərəflərindən qəbul olunmuş və xarici işlər naziri Elmar Məmmədyarovla rəsmi danışıqlar aparmışdır. Eyni zamanda İndoneziyalı nazir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən təşkil olunmuş Azərbaycan-İndoneziya biznes forumda iştirak etmişdir. Səfər zamanı iki ölkənin Xarici İşlər Nazirləri “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında Diplomatik və Xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi” və “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında İqtisadi və Texniki Əməkdaşlıq” haqqında Sazişləri imzalamışlar.

 

18-20 iyun 2008-ci ildə İndoneziya Respublikası Nümayəndələr Palatasının Qolkar partiyası fraksiyasının başçısı Priyo Budi Santosonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Parlamentinin yaranmasının 90-illik yubileyi münasibətilə Bakıda keçirilən təntənəli tədbirlərdə iştirak etmişdir.

 

26-29 noyabr 2008-ci ildə Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun nümayəndə heyəti Balikpapanda keçirilən “Cənubi və Mərkəzi Asiya: Ticarət-sərmayələrin birgə təşviqi və biznes forum” adlı forumda iştirak etmək üçün İndoneziyaya səfər etmiş, 28 noyabrda İqtisadiyyat üzrə Əlaqələndirmə Nazirliyində, İndoneziya Ticarət və Sənaye Palatasında və Sərmayələr üzrə Əlaqələndirmə Şurasında görüşlər keçirmişdir.

 

21-24 iyun 2009-cu ildə İndoneziya Nümayəndələr Palatasında fəaliyyət göstərən İndoneziya-Azərbaycan ikitərəfli əməkdaşlığı üzrə qrup Azərbaycana səfər etmiş, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Milli Məclisin Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələri üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev və üzvləri, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşmüş, Ümummilli Lider Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına gül çələngləri qoymuş, Heydər Əliyev Fondu, Azərbaycan Dillər Universiteti və Səngəçal neft terminalında olmuşdur.

 

29 oktyabr 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İndoneziyaya səfər etmiş, “Pertamina” neft və qaz şirkətinin rəhbərliyi ilə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

 

4-8 mart 2010-cu ildə Azərbaycan Respublikasının fövqəladə hallar naziri K. Heydərov İndoneziya Respublikasına səfər etmişdir.

 

20-23 aprel 2010-cu ildə İndoneziya Respublikası Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun başçılıq etdiyi İndoneziya parlamentinin nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir. Səfər zamanı nümayəndə heyəti Milli Məclisin sədri O. Əsədov, xarici işlər naziri E. Məmmədyarov, iqtisadi inkişaf naziri Ş. Mustafayev və mədəniyyət və turizm naziri Ə. Qarayev tərəfindən qəbul edilmiş, həmçinin nümayəndə heyəti Milli Məclisdə bir sıra görüşlər keçirmişlər.

 

11 may 2010-cu ildə Cakartada səfirliyimiz tərəfindən bahasa İndoneziya və İngilis dillərində nəşr etdirilmiş, Ümummilli Lider Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş “Azərbaycana İndoneziyadan baxış” kitabının təqdimetmə mərasimi keçirilmişdir.

 

19-21 sentyabr 2010-cu ildə İndoneziyanın Sidoarco Palçıq Püskürməsi Axınının İdarə olunması Agentliyinin İcraçı Agentliyinin rəhbəri Sunarso və Agentliyin rəhbərinin İnfrastruktur üzrə müavini Karyadi palçıq püskürməsinin qarşısının alınması sahəsində bilik və texnologiya mübadiləsi məqsədilə Azərbaycanda səfərdə olmuş, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetində görüşlər keçirmişlər. 

 

21 fevral 2011-ci ildə İndoneziyanın Kharisma Bangsa qlobal təhsil Mərkəzində Xocalı soyqırımının 19-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımına həsr olunmuş kitab və nəşrlər, fotoşəkillərdən ibarət sərgi təşkil olunmuş, "The Khojaly Genocide" filmi nümayiş etdirilmış, "Xocalıya Ədalət" kampaniyasının yeniləşdirilmiş www.justiceforkhojaly.org internet saytının təqdimatı olmuşdur.

 

7-9 aprel 2011-ci ildə Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumunda İndoneziya mədəniyyət və turizm nazirinin sosial məsələlər üzrə müşaviri Surya Yoqo və Yunesko idarəsinin rəis müavini Vahyu Varsila, The Jakarta Post qəzetinin xarici əlaqələr şöbəsinin müdiri Abdul Xaük, Milli Xəbər Agentliyinin (ANTARA) fotomüxbiri Oskar Motuloh  iştirak etmişlər.

 

25-27 may 2011-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Balidə keçirilmiş Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında iştirak etmək üçün İndoneziyada işgüzar səfərdə olmuşdur. E. Məmmədyarov Azərbaycanın Hərəkata tamhüquqlu üzv qəbul edilməsi üçün verilmiş dəstək və yardıma görə bütün üzv dövlətlərə öz minnətdarlığını ifadə etmişdir. Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri Marty Natalegava ilə ikitərəfli görüş keçirmiş, Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsi və digər maraq doğuran ikitərəfli məsələləri müzakirə etmişdir.

 

2011-ci ilin sentyabr ayında İndoneziyanın Sərmayələrin Əlaqələndirilməsi İdarəsi tərəfindən “Azərbaycan hökuməti və İndoneziya hökuməti arasında sərmayələrin qorunması və təşviqi haqqında” saziş layihəsinin müzakirə edilməsi məqsədilə nümayəndə heyətinin 2011-ci ilin 20-22 noyabr tarixlərində 9 nəfərdən ibarət nümayəndə heyəti Bakıya səfər etmişdir.

 

18-21 oktyabr 2011-ci ildə İndoneziya Konstitusiya Məhkəməsinin Baş hakimi Məhəmməd Mahfud ölkəmizdə səfərdə olmuşdur. Səfər zamanı M.Mahfud Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev və Milli Məclisin sədri O.Əsədovla görüşlər keçirmişdir.

 

24-25 yanvar 2012-ci ildə Millət vəkili Gövhər Bəxşəliyevanın başçılıq etdiyi AR-in Milli Məclisinin işçi qrupu Palembanq şəhərində keçirilmiş İKT parlamentlərarası iclasında iştirak etmişlər.

 

22-23 iyun 2012-ci ildə Bakıda keçirilmiş “Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 17-ci iclası”nda İndoneziya tərəfindən 6 nəfərdən ibarət nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinə İndoneziyanın iqtidar koalisiyasına daxil olan Golkar partiyasının sədr müavini Teo Leo Sambuaq başçılıq etmişdir.

 

16-18 sentyabr 2012-ci ildə İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Hatta Racasa Azərbaycanın İqtisadi inkişaf naziri cənab Şahin Mustafayevin dəvətilə Bakıda səfərdə olmuşdur. Səfər çərçivəsində 17 sentyabr tarixində İndoneziyalı naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etmişdir. Həmçinin səfər zamanı Hatta Racasa energetika və sənaye naziri Natiq Əliyev ilə görüşmüşdür və iki ölkə iş adamlarının biznes forumu keçirilmişdir.

 

4 oktyabr 2012-ci ildə Bakıda keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunda İndoneziyanın ANTARA informasiya agentliyinin rəhbəri Məhamməd  Muxlis Yusuf, prezidentin  məşvərət şurasının üzvü (keçmiş XİN naziri) Hasan Virayuda, İndoneziya Parlamentinin Nümayəndələr Palatasında Demokratik partiya fraksiyasının sədri xanım Nurhayati Ali Asseqaf iştirak etmişlər.

 

7-10 noyabr 2012-ci ildə tarixlərində Cakartada keçirilmiş “INDODEFENCE 2012” sərgisində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.

 

8-10 noyabr 2012-ci ildə İndoneziya Respublikası Parlamentinin sədri cənab Marzuki Əlinin dəvəti ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov 17 nəfərlik nümayəndə heyəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.

 

19-21 dekabr 2012-ci ildə İndoneziya Respublikasının Regional Nümayəndələr Palatasının sədri İrman Qusman Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov dəvəti ilə Azərbaycan Respublikasına səfər etmişdir. Səfər çərçivəsində dekabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cənab İ.Qusmanı qəbul etmişdir. Səfər çərçivəsində Regional Nümayəndələr Palatasının sədri cənab İrman Qusman Azərbaycan Dillər Universitetində görüş keçirmişdir.

 

14-16 yanvar 2013-cü ildə İndoneziya Respublikası Müdafiə Nazirliyinin Baş katibi, marşal Eris Herriyantonun Azərbaycan Respublikasına səfər etmişdir. Səfər çərçivəsində yanvar ayının 15-də AR müdafiə naziri Səfər Əbiyev marşal E.Herriyantonu qəbul etmişdir. Görüş zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Həmçinin qonaq AR Müdafiə Sənayesi Nazirliyində də görüş keçirmişdir.

 

17-22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi, məhkəmənin hakimi Ceyhun Qaraçayev və baş katibi Rauf Quliyevdən ibarət olan nümayəndə heyəti İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin Baş hakimi Məhəmməd Mahfludun dəvəti ilə İndoneziyaya səfər etmişlər. Səfər çərçivəsində F.Abdullayev həmkarı M.Mahflud ilə geniş çərçivəli görüş keçirmişdir. Həmçinin F.Abdullayev İndoneziya Parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Əli, Parlamentinin regional Nümayəndələr palatasının sədri İrman Qusman, Parlamentinin Xalq Məşvərət Şurasının sədri Tofik Kimas, ölkənin Ali Məhkəməsinin sədri Məhəmməd Hatta Əli, Məhkəmə Komissiyasının sədri Eman Suparman, hüquq və insan hüquqları naziri Amir Şamsuddin ilə görüşlər keçirmişdir. Səfər zamanı iki ölkə arasında Konstitusiya Məhkəmələrinin arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanmışdır. Sonra Azərbaycan-İndoneziya Konstitusiya Məhkəmələrinin birgə iclası keçirilmişdir.

 

15-18 aprel 2013-cü ildə İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri M.Alienin başçılığı ilə nümayəndə heyəti Azərbaycana səfər etmişlər. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Baş naziri Artur Rasi-zadə və Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən qəbul olunmuşdur.

 

18-19 mart 2013-cü ildə İndoneziyanın Terrorizmlə Mübarizə Milli Agentliyinin rəhbər müavini Harri Purvanto Bakıda keçirilən “Terrorizmin qarşısının alınması üçün  Əməkdaşlığın Gücləndirilməsi” üzrə Beynəlxalq Konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

 

21-26 may 2013-cü ildə keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzrə Parlament şəbəkəsinin 11-ci illik Konfransında iştirak etmək məqsədilə İndoneziya Respublikasının Parlamentinin nümayəndə heyəti  Bakıda səfərdə olmuşdur.

 

9 oktyabr 2013-cü ildə Azərbaycanda keçirilmiş Prezident seçkilərində İndoneziyanın müşahidəçi qrupu iştirak etmişdir. Qrupun üzvü, İndoneziya Milli İdman Komitəsinin beynəlxalq əməkdaşlıq və hüquqi məsələləri üzrə İcraçı vitse-prezidenti, səfir İmmanuel Robert İnkirivanq 11 oktyabr tarixində Azərbaycan Respublikasının idman və gənclər naziri Azad Rəhimovla görüşmüşdür.

 

7-8 noyabr 2013-cü ildə AR xarici işlər naziri cənab Elmar Məmmədyarov İndoneziyanın Bali adasında VI Bali Demokratiya Forumunda iştirak etmişdir.

 

17-21 noyabr 2013-cü ildə İndoneziya Parlamentinin İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı qonaqlar Azərbaycan Respublikası Milli Məclisində bir sıra görüşlər keçirmişlər.

 

13-22 sentyabr 2014-cü ildə İndoneziyanın Qlobal Caya Beynəlxalq Məktəbinin (GJİS) şagird və müəllimlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı qonaqlar Bakı şəhərinin 6 saylı məktəbinin şagırdləri ilə  dərslərdə iştirak etmiş və səfər müddətində  azərbaycanlı ailələrdə qalmışlar. 

 

19-25 aprel 2015-ci ildə İndoneziyada keçirilmiş “Asiya-Afrika Sammiti”ndə Azərbaycan Respublikasının nümayəndə heyətinə Baş nazirinin birinci müavini Yaqub Eyyubov başçılıq etmişdir.

 

19-25 aprel 2015-ci ildə İndoneziyanın Cakarta şəhərində keçirilmiş Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev xüsusi qonaq qismində iştirak etmişdir.

 

5-6 iyun 2015-ci ildə İndoneziya Respublikasının energetika və mineral Ehtiyatlar naziri cənab Sudirman Saidin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev S.Saidi qəbul etmişdir. Həmçinin, S.Saidin səfəri çərçivəsində Azərbaycan və İndoneziyanın Energetika Nazirlikləri arasında Birgə Bəyannamə imzalanmışdır.

 

8 iyun 2015-ci ildə İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə direktoru xanım Listyovati Azərbaycana etdiyi səfəri zamanı Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini  Xələf Xələfovla görüşmüşdür.

 

22-26 sentyabr 2015-ci ildə Varşavada təşkil olunmuş Diplomatik Akademiyaların Beynəlxalq Forumunun illik konfransı əsnasında ADA Universiteti ilə İndoneziya XİN-nin Təhsil və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır.

 

21-24 sentyabr 2015-ci ildə İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis Azərbaycanda səfərdə olmuşdur.

 

1-2 fevral 2016-cı ildə Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu keçirilmişdir.

 

16-21 fevral 2016-cı ildə İndoneziya Respublikasının Parlamentinin Nümayəndələr Palatasının sədr müavini Fəhri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuşdur. Həmçinin, nümayəndə heyəti  Milli Məclisin sədri Oqtay Əsədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, və xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ilə görüşlər keçirmişdir.  

 

28 mart-1 aprel 2016-cı ildə İndoneziyanın Xarici İşlər Nazirliyinin Siyasi Təhlil və İnkişaf Agentliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi və sosial-mədəni əlaqələrin inkişaf etdirilməsi imkanlarının araşdırılması olmuşdur. Səfər zamanı nümayəndə heyəti AR İqtisadiyyat, Energetika, Mədəniyyət və Turizm və Xarici İşlər Nazirliklərində, eyni zamanda AZPROMO, Dövlət Gömrük Komitəsi, Ticarət və Sənaye Palatasında görüşlər keçirmişdir.    

 

2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda İndoneziyanın xarici işlər nazirinin müavini Əbdülrəhman Məhəmməd Fahirin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Forum çərçivəsində Ə.Fahir xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat naziri Şahin Mustafayev və xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ilə görüşmüşdür.

 

2016-cı ilin 8-12 avqust tarixlərində İndoneziyanın Bali adasında “Vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi və təmin edilməsi” başlığı altında keçirilmiş Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının 3-cü Konqresində iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İndoneziyada səfərdə olmuşdur.

 

2016-cı ilin 7-9 sentyabr tarixində İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuşdur. Həmçinin, sədr müavinin Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov ilə görüş keçirilmişdir.

 

2016-cı ilin 2 noyabr tarixində İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar nazirinin müavini Diah Natalisanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti 3 və 5 saylı “ASAN xidmət” mərkəzləri, eyni zamanda Xırdalan şəhərində xidmət göstərən Səyyar ASAN xidmət avtobusu ilə tanış olmuşdur.

 

2017-ci ilin 5-11 fevral tarixlərində İndoneziya Respublikasının Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyində görüşlər keçirmişdir. 

 

2017-ci ilin 18-24 fevral tarixlərində İndoneziya Respublikasının Parlamentində fəaliyyət göstərən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətə Azərbaycanda səfərdə olmuşdur.

 

2017-ci ilin 13 aprel tarixində İndoneziya XİN-in təşəbbüsü ilə Cakarta şəhərində “1-ci İndoneziya-Azərbaycan Siyasi Planlaşdırma Dialoqu” keçirilmişdir. Tədbirdə Azərbaycan tərəfini XİN-in Təhlil və Strateji Araşdırmalar idarəsinin rəis müavini Hüseyn Hüseynov təmsil etmişdir.

 

2017-ci ilin 9-13 aprel tarixlərində İƏT üzv dövlətləri Əmək məsələlərinə dair İslam anlayışı və təcrübə üzrə araşdırma və tədqiqatların təşviq edilməsi” mövzusunda keçirilmiş seminarda iştirak etmək məqsədilə AR əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Cakartada səfərdə olmuşdur.

 

2017-ci ilin 8-12 may tarixlərində Beynəlxalq Liman Assosiasiyasının Balidə keçirilmiş 30-cu Ümumdünya Konfransında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Konfrans çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC ilə İndoneziya Liman Korporasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

 

2017-ci ilin 24-26 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziyada səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

 

2017-ci ilin 28 avqust tarixində Bakıda Azərbaycan və İndoneziya XİN-ləri arasında “Xarici Siyasət İdarələrinin Məşvərət Görüşü” keçirilmişdir. Görüş idarə rəisləri səviyyəsində təşkil olunmuşdur. İndoneziyanın nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya idarəsinin direktoru Ferdi Piay başçılıq etmişdir.

 

2017-ci ilin 9-12 sentyabr tarixlərində İndoneziya Respublikası Nümayəndələr Palatasının İkinci Komissiyasının sədri Zainudin Amalın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

 

2017-ci ilin 26-28 sentyabr tarixlərində İndoneziya Respublikası Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə xüsusi elçisi Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

 

2018-ci ilin 18-20 fevral tarixlərində Azərbaycan Respublikası maliyyə nazirinin müavini Emin Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının 2021-ci ildə keçiriləcək illik Toplantısına ev sahibliyi üçün ölkəmizin namizədliyinə dəstək qazanması məqsədilə İndoneziyada səfərdə olmuşdur. Səfər zamanı nazir müavini İndoneziya Respublikası maliyyə nazirinin makroiqtisadi və beynəlxalq maliyyə məsələləri üzrə köməkçisi Rionald Silaban və İndoneziya Bankının sədrinin birinci müavini Mirza Adityasvara ilə görüşmüşdür. 

 

2018-ci ilin 5-6 aprel tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatı Aralıq Nazrlər Konfransında iştirak etmək məqsədilə İndoneziyanın xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachirin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

 

2018-ci ilin 18-24 aprel tarixlərində İndoneziya Respublikasının gənclər və idman naziri İman Nahravi Bakıda keçirilən İƏT Gənclər və İdman Nazirlərinin 4-cü sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olmuşdur. Səfər zamanı İ.Nahravi Azərbaycan Dillər Universitetində tələbələrlə görüşmüşdür.

 

2018-ci ilin 19 aprel tarixində iki ölkə arasında 24 sentyabr 1992-ci ildə diplomatik əlaqələrin qurulması münasibətilə İndoneziya Respublikasının Prezidenti Coko Vidodo tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlanmışdır.  

    

2018-ci ilin 31 may tarixində Bakıda səfərdə olan İndoneziyanın “Pertamina” şirkətinin planlaşdırma, investisiya və risk menecmenti üzrə direktoru Gigih Prakosonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə energetika naziri Pərviz Şahbazov arasında görüş keçirilmişdir.

     

2018-ci ilin 4-6 iyul tarixlərində İndoneziya Respublikasının müxtəlif regionlarını təmsil edən nümayəndə heyəti ölkəmizə səfər edib. Məqsəd “ASAN xidmət” mərkəzləri ilə tanış olmaq və Dövlət Agentliyi tərəfindən onlar üçün təşkil edilən təlimlərdə iştirak etmək olub.

 

2018-ci ilin 11-16 sentyabr tarixlərində İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri Muhadcir Effendi Bakıda keçirilmiş üçüncü İndoneziya Festivalında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı M.Effendi Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayev, təhsil naziri Ceyhun Bayramov və Azərbaycan Dillər Universitetin rektoru Kamal Abdulla ilə görüşmüşdür.

 

2018-ci ilin 19-22 sentyabr tarixlərində İndoneziya Regional Nümayəndələr Şurasının sədri Oesman Sapta Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir. Səfər zamanı O.Sapta 22 sentyabr tarixində Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul olunmuşdur.

 

2018-ci ilin 25-26 oktyabr tarixlərində İndoneziyanın Dövlət Xəbər Agentliyinin redaktoru Chaidar Abdullah 6-cı Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə  Azərbaycana səfər etmişdir.

 

2018-ci ilin 7-8 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Cakartada keçirilmiş Vətəndaşlara Xidmət üzrə Beynəlxalq Forumunda iştirak etmək üçün İndoneziyada səfərdə olmuşdur.

 

2019-cu ilin 17 yanvar tarixində Xarici İşlər Nazirliyində 2-ci İndoneziya-Azərbaycan Siyasi Planlaşdırma Dialoqu keçirilmişdir. Tədbirdə iştirak etmiş İndoneziya nümayəndə heyətinə İndoneziya XİN-in Siyasi Təhlil və İnkişaf Agentliyinin Baş direktoru S.Pramonu başçılıq etmişdir. Görüş əsnasında siyasi-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi və bu istiqamətdə atıla biləcək qarşılıqlı səylərə dair fikir mübadiləsi aparılmışdır.

 

2019-cu ilin 20 iyun tarixində “Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi” mövzusunda, Azərbaycan Respublikası və İndoneziya Respublikasının aidiyyəti dövlət qurumlarının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə birinci videokonfrans baş tutmuşdur.

 

2019-cu ilin 8 oktyabr tarixində “Azərbaycan ilə İndoneziya arasında Turizm sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi” mövzusunda ikinci videokonfrans baş tutmuşdur.

 

2019-cu ilin 24-28 noyabr tarixlərində İndoneziya Respublikası Müdafiə Nazirliyinin Müdafiə Strategiyası Baş Direktoruluğunun Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi briqada generalı İ Putu Eka Asmaranın rəhbərlik etdiyi nümayəndə heyəti ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmək məqsədilə Azərbaycana səfər etmişdir.

 

2021-ci ilin 3 aprel tarixində Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında enerji sahəsinidə əməkdaşlığa dair Anlaşma Memorandumu virtual formatda imzalanmışdır.

 

2022-ci ilin 22-23 mart tarixlərində İslamabad şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirlərinin 48-ci İclası çərçivəsində AR xarici işlər nazirinin müavini Elnur Məmmədov İR Xarici İşlər Nazirliyinin Asiya və Afrika məsələləri üzrə Baş idarəsinin rəisi Abdul Kadir Jailani ilə görüş keçirmişdir.

 

2022-ci ilin 6 dekabrında Cakartada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İndoneziya Respublikası Xarici İşlər Nazirliyi (İR XİN-in Xarici Siyasət Strategiyası Agentliyi) arasında 3-cü ikitərəfli siyasi məsləhətləşmələr – “3-cü Siyasi Planlaşdırma Dialoqu” keçirilmişdir. Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin Xarici Siyasət Strategiyası Agentliyinin rəhbəri, baş direktor Dr. Yayan GH Mulyana rəhbərlik etmişdir.Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

 

2023-cü ilin 5-6 iyul tarixlərində Qoşulmam Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilmiş Nazirlər İclasında İndoneziya Xarici işlər nazirinin çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müavini, səfir Tri Tharyat iştirak etmişdir. 

 

2023-cü ilin 10-11 avqust tarixlərində İndoenziyanın Cakarta şəhərində İndoneziya Konstutisiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə keçirilmiş Beynəlxalq Baş Hakimlər Forumunda Azərbaycan Respublikasının Konstutisiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

 

2023-cü ilin 9-11 oktyabr tarixlərində İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas Azərbaycan Respublikasında səfərdə olmuşdur.

 

2023-cü ilin 23 noyabr tarixində İndoneziyanın əmək naziri İda Fauziyah Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransında iştirak etmişdir. Konfrans 21-23.11.2023-cü tarixlərində keçirilmişdir.

 

Parlament sədrləri

 

2012-ci ilin 8-10 noyabr tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov İndoneziyada rəsmi səfərdə olmuşdur.

2013-cü ilin 15-18 aprel tarixlərində İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Ali Azərbaycanda səfərdə olmuşdur.

2018-ci ilin 19-22 sentyabr tarixlərində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə İndoneziya Regional Nümayəndələr Şurasının Sədri Oesman Sapta iştirak  etmişdir.

 

 

2022-ci ilin 4 oktyabr tarixində Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün İndoneziyanın paytaxtı Cakarta şəhərinə səfər etmişdir.

 

2023-cü ilin 31 yanvar tarixində Milli Məclisdə  Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Azərbaycanda səfərdə olan İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

 

2023-cü ilin 5-6 iyul tarixlərində Qoşulmam Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilmiş Nazirlər İclasında İndoneziya Xarici işlər nazirinin çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müavini, səfir Tri Tharyat iştirak etmişdir. 

 

2023-cü ilin 5-10 avqust tarixlərində Milli Məclisin müşahidəçi qismində təmsil olunduğu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Parlamentlərarası Assambleyası (PA) Baş Assambleyasının 44-cü iclası Cakarta şəhərində keçirilmişdir.  Azərbaycanı bu mötəbər tədbirdə Milli Məclisin deputatı Kamran Bayramov və Milli Məclisin sədrinin köməkçisi Elmar Hüseynov təmsil etmişdir. Onlar iclas çərçivəsində “Parlament əməkdaşlığı: Sülh, sabitlik və tərəqqi naminə ortaq öhdəliklər” mövzusunda keçiriləcək müşahidəçi ölkələrlə dialoq panelinə qatılmış, həmçinin Milli Məclisin üzv ölkə parlamentləri ilə əməkdaşlıq və gələcək perspektivlər barədə müzakirələrdə iştirak etmişlər.

 

2023- cü ilin 20-23 sentyabr tarixlərində Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon ilə Milli Məclisin sədri Sahibə Qafarova görüşüb.

 

2023-cü ilin 5 dekabr tarixində Qərbi Azərbaycan İcmasında Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransın qonaqlarından olan İndoneziya Üləmalar Şurasının Xarici Əlaqələr Komissiyasının sədri səfir Bunyan Saptomo ilə İcma sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli arasında görüş keçirilib.

 

2024-cü ilin 20-24 fevral tarixlərində Bakıda keçirilmiş Asiya Parlamentlərarası Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası Əlaqələr Komitəsinin sədri cənab Fadli Zonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.

2024-cü ilin 1-3 may tarixlərində Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan AIPA baş katibi Siti Rozaimeriyanty Dato Haji Abdul Rahman və ASEAN Sülh və Barışıq İnstitunun icraçı direktoru Gusti Agung Vesaka Puja BDU-da mühazirə keçiblər

 

 

Xarici işlər nazirləri

 

2008-ci ilin 11-12 may tarixlərində İndoneziya Respublikasının Xarici İşlər naziri Həsən Virayuda Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

 

2011-ci ilin 25-27 may tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Balidə keçirilmiş Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında iştirak etmək üçün İndoneziyada səfərdə olmuşdur.

 

Mədəniyyət

 

2016-cı ilin 19-20 noyabr tarixlərində Bakıda 1-ci İndoneziya Mədəniyyət Festivalı keçirilmişdir.

 

2017-ci ilin 9-10 sentyabr tarixlərində Bakıda 2-ci İndoneziya Mədəniyyət Festivalı keçirilmişdir.

 

2018-ci ilin 11-16 sentyabr tarixlərində Bakıda 3-cü İndoneziya Mədəniyyət Festivalı keçirilmişdir. 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ilin 12 may tarixində  "İslam Dünyasının Mədəniyyət Paytaxtı" elan edilmiş (2024-cü il üçün) Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında ilk dəfə olaraq İndoneziyanın "Sendja Community" musiqi qrupu iştirak etmişdir.

 

Təhsil

2010-cü ildə Azərbaycan Dillər Universitetində İndoneziya Araşdırmalar Mərkəzi təsis edilmişdir.

 

2013-cü ilin 14 mart tarixində Bakı Dövlət Universiteti ilə Sumatra Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.

 

2015-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti və İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin Təhsil və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır.

 

2018-ci ilin 17 dekabr tarixində İndoneziya Universitetinin Tədris İşləri üzrə prorektoru Bambanq Vibavortanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Dillər Universiteti və İndoneziya Universiteti  arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

İndoneziyanın Syarif Hidayatullah Cakarta Dövlət İslam Universitetinin nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda olub (27.05.2024). İndoneziyanın Şərif Hidayətullah Cakarta Dövlət İslam Universitetinin nümayəndə heyəti BDU-da olub (29.05.2024)

Humanitar yardım

 

2005-ci ildə 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ və sunami ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq BMT vasitəsi ilə İndoneziya Respublikasına 1 milyon ABŞ dolları həcmində humanitar yardım göstərilmişdir.

 

2006-cı ildə İndoneziya Respublikasında 6.3 bal gücündə meydana gəlmiş zəlzələ ilə əlaqədar humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 100 min ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

 

2009-cu ildə İndoneziyanın Qərbi Sumatra adasında baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İndoneziya Respublikasına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

 

2018-ci ilin 3 oktyabr tarixində İndoneziyanın Lombok adasında 2018-ci ilin 5 avqust tarixində baş vermiş zəlzələ ilə əlaqədar humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

 

2018-ci ilin 8 noyabr tarixində İndoneziyanın Sulavesi adasında 2018-ci ilin 28 sentyabr tarixində baş vermiş zəlzələ ilə əlaqədar humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 

2016-cı ilin 1-2 fevral tarixlərində Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu keçirilmişdir. 

 

2021-ci ilin 30 aprel tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanmışdır.  

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (mln ABŞ dolları / İndoneziya tərəfinin rəsmi statistikası)

 

İllər

Ticarət dövriyyəsinin həcmi

İxrac

İdxal

2019

55,825

366.18

55,459

2020

29,658

458.00

29.200

2021

233.8

6.0

227.7

2022

844.1

3.6

840.5

2023

 (yanvar-sentyabr)

254.7

4.1

250.6

 

 

Azərbaycana İndoneziyadan idxal: xam palma yağı və onun fraksiyaları, kokos yağı və onun fraksiyaları, taxta-şalban, çoxqatlı panellər, toxuculuq materialları

 

Azərbaycandan İndoneziyaya ixrac: xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları

 

Müqavilə-hüquq bazası

 

İki ölkə arasında 13 sənəd imzalanmışdır.

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sənədlər (sazişlər və memorandum)

 

  • Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında İqtisadi və Texniki Əməkdaşlıq haqqında Saziş;
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Memorandum (Azərbaycan Respublikası Prezidentinin 03.06.2023-cü il tarixli 2165 nömrəli Fərmanı ilə təsdiq edilmişdir).

 

2011-ci ilin 25-27 may tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Balidə keçirilmiş Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında iştirak etmək üçün İndoneziyada səfərdə olmuşdur.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti