İndoneziyaya ixrac edilməsi üçün 10 Azərbaycan məhsuluna sərbəst satış sertifikatı verilib
“Azexport.az” portalı İndoneziyaya Azərbaycan istehsalı olan on adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün sərbəst satış sertifikatlarını təqdim edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayına kimi 684 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatlar bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan və digər Cənub–Şərqi Asiya, Cənubi Amerika, Afrika, Qərbi Avropa, Okeaniya və Ərəb ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsullarının çıxışını asanlaşdırıb.
Qeyd edək ki, sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.