11.05.2023-cü il tarixində İndoneziyanın Qərbi Kalimantan əyalətinin Hökuməti, İndoneziya Gənclər Şurası və İslam Əməkdaşlığı Gənclər Forumu (İƏQF) Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə İndoneziyanın Borneo adasında “Borneo Gənclər Düşərgəsi” çərçivəsində “Gənclərin minalarla mübarizəsi” mövzusunda xüsusi sessiya keçirilmişdir.
11.05.2023-cü il tarixində İndoneziyanın Qərbi Kalimantan əyalətinin Hökuməti, İndoneziya Gənclər Şurası və İslam Əməkdaşlığı Gənclər Forumu (İƏQF) Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə İndoneziyanın Borneo adasında “Borneo Gənclər Düşərgəsi” çərçivəsində “Gənclərin minalarla mübarizəsi” mövzusunda xüsusi sessiya keçirilmişdir. Sessiyada beynəlxalq ekspertlər və ASEAN regionundan olan gənc fəallar iştirak etmişlər.
İclasda əsas natiq qismində çıxış edən Cəlal Mirzəyev Azərbaycanın minasız dünyaya nail olmaq üçün göstərdiyi səylər, 2023-cü ilin mayında Bakıda və Ağdamda keçiriləcək beynəlxalq humanitar minatəmizləmə konfransı, mina qurbanlarına yardım, Azərbaycan ərazilərində mina yerləşdirilməsinə görə Ermənistanın məsuliyyəti, işğaldan azad olunmuş torpaqlarımıza məcburi köçkünlərin qayıdışı və dayanıqlı inkişaf, habelə beynəlxalq dəstəyə ehtiyacla bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirdə həmçinin, Cənubda Dayanıqlı İnkişaf Komissiyasının Direktoru Q.Nəvvab, Bosniya və Herseqovina Mülki Müdafiə Federal Agentliyinin nümayəndəsi M.Kovaç, ANAMA Departamentinin müdiri R.Əzizov və İƏQF Avrasiya Regional Mərkəzinin icraçı direktoru V.Qurbanov çıxış etmişlər.
Xüsusi sessiyanın yekununda mina qurbanlarının hüquqlarının müdafiəsi üzrə beynəlxalq gənclik platforması təsis edilmişdir. Həmçinin, sessiyanın işi nəticəsində yekdilliklə qəbul edilmiş “Gənclərin minalarla mübarizəsi” adlı bəyanatda sülh və təhlükəsizlik prinsipləri əsas götürülərək, yeni təsis edilmiş platformanın beynəlxalq və regional təşkilatlarda mina qurbanlarının hüquqlarının müdafiəsi məsələsinin qaldırılması əsas vəzifə kimi vurğulanmışdır. Eyni zamanda, zərərçəkmiş mülki əhaliyə hüquqi yardımın göstərilməsi, minalarla mübarizə sahəsində məlumatlılığın artırılması məqsədilə müvafiq təhsil proqramlarının həyata keçirilməsi də beynəlxalq platformanın fəalliyət istiqamətlərini təşkil edəcəkdir. Bəyanatda bu ilin payızınadək platformanın təşkilatlanması hədəf olaraq qoyulmuşdur.