Azərbaycanın xarici işlər naziri Kamboca hökumətinin müşaviri ilə görüşüb
Martın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Kamboca hökumətinin müşaviri Sok Sifana ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Kamboca arasında ikitərəfli, o cümlədən çoxtərəfli səviyyədə mövcud əməkdaşlığın perspektivləri, həmçinin regionda və dünyada cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov iki ölkə arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Azərbaycanın sədrlik etdiyi QH-nin üzv ölkələr arasında münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən bir platforma olduğu diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov Azərbaycanın bundan sonra da QH çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Nazir, həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət, xüsusilə də mina təhdidləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Kamboca hökumətinin müşaviri Sok Sifana Kambocanın Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Azərbaycanın QH-yə sədrlik dövrünün Hərəkatın inkişafına töhfə verdiyi diqqətə çatdırılıb. O, Azərbaycanla Kamboca arasında kənd təsərrüfatı, təhsil, turizm sahələrində geniş əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunması təqdir olunub. Tərəflər, eyni zamanda, minaların effektiv təmizlənməsi istiqamətində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.