Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə, eləcə də 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar İndoneziya Universitetində keçirilmiş tədbir
Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi tərəfindən İndoneziyanın Bakrie Universitetində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar, eləcə də 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Gənc liderlərin yetişdirilməsi: Heydər Əliyev Liderliyindən öyrənilmiş dərs” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Bakrie Universitetinin müəllim və tələbə heyəti, eləcə də yerli KİV nümayəndələri iştirak etmişlər.
Rəsmi mərasimə başlamazdan əvvəl, tədbir iştirakçıları Universitetin foyesində sərgilənmiş Ümumilli Lider Heydər Əliyevin həyat və yaradıcılığını, eləcə də ömrünün müxtəlif dövrlərini (uşaqlıq, gənclik və.s) özündə əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Mərasimin açılışında Azərbaycanın və İndoneziyanın dövlət himnləri səsləndirilmişdir, sonra Heydər Əliyevin həyat və yaradıcılığına, habelə dahi şəxsiyyətin Azərbaycanın tarixində oynadığı misilsiz roluna və əldə etdiyi nailiyyətlərə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfiri Cəlal Mirzəyev görkəmli siyasətçi Heydər Əliyevin həyat və yaradıcılığından, onun Azərbaycan tarixindəki rolundan, eləcə də Dövlətimizin dünya miqyasında tanınması istiqamətindəki əvəzsiz xidmətlərindən danışmışdır. Habelə, səfir iki ölkə arasındakı mehriban dostluq münasibətlərinə də toxunaraq, bu əlaqələrin arzuolunan müstəvidə inkişafından bəhs etmişdir.
Öz növbəsində, Universitetin Vitse-rektor Ph.D, IPU/M.Tri Andika Kurniawan çıxış edərək, belə bir tədbirin Bakrie Universitetində təşkili üçün böyük sevinc və qurur hissi yaşadıqlarını izhar etmişdir. Ölkələrimiz arasındakı xoş münasibətlərdən danışan natiq bu tədbirin buna bariz bir nümunə olduğunu bildirmişdir. Heydər Əliyevin dünyada məşhur siyasətçilər sırasında xüsusi yer tutduğunu və hazırki güclü Azərbaycanın ərsəyə gəlməsində önəmli rolunun danılmaz olduğunu vurğulamışdır.
Daha sonra siyasi elmlər ixtisası üzrə təhsil alan tələbələr arasında təşkil edilmiş "Heydər Əliyev" təqaüdü müsabiqəsinin qalibi Syhilla Putri Nadianın təltifetmə mərasimi (səfir və vitse-rektor tərəfindən imzalandıqdan sonra) baş tutmuş və səfir Cəlal Mirzəyev müsabiqənin qalibinə "Heydər Əliyev" təqaüdünü təqdim etmişdir. Təqdimatdan sonra birgə xatirə fotoşəkli çəkilmişdir.
Qeyd olunan müsabiqə Universitetdə siyasi elmlər ixtisası üzrə təhsil alan 237 tələbə arasında online formatda keçirilmişdir. Son mərhələyə keçmiş 3 nəfər içərisindən Heydər Əliyev yaradıcılığı barədə daha ətraflı məlumata malik olan Syhilla Putri Nadia seçilmişdir.
Tədbirin sonunda "Heydər Əliyev" təqaüdünün qalibi Syhilla Putri Nadia çıxış edərək, Heydər Əliyevin bir siyasətçi kimi mühüm rolu barədə danışmış və bu təqaüdə layiq görüldüyü üçün fəxr hissi keçirdiyini böyük sevinclə qeyd etmişdir.
Tədbir bir çox yerli KİV-lər tərəfindən geniş işıqlandırılmışdır.
https://www.yofamedia.com/2023/06/kedubes-azerbaijan-memberikan-beasiswa.html