Vizanın anlayışı, kateqoriya, məqsəd və növləri
Anlayışı
Viza - ölkəyə viza tələb olunan qaydada gələn əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir.
Kateqoriyaları
Vizanın - diplomatik, xidməti və adi olmaqla - üç kateqoriyası vardır.
Növləri
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan - giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:
1. Giriş vizası – bu növ vizanın etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək müəyyən olunur.
- Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
2. Bir və ya ikidəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Məqsədləri
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı məqsədlərlə ölkəyə gələrsə adi kateqoriyalı giriş vizası əldə edə bilərlər:
• işgüzar
• elmi və təhsil
• əmək
• turizm
• mədəniyyət və idman
• humanitar
• şəxsi səfər
• müalicə
Yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya xidməti kateqoriyalı giriş vizası verilir.
Vizanın verilməsi üçün tələb olunan sənədlər
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
36.1.1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket
36.1.2. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;
36.1.3. biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);
36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
36.1.5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;
36.1.6. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatət, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);
36.1.7. səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində göstərilən müvafiq sənədlər;
36.2. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
36.3. Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği “Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
Diqqət! Əcnəbinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.
Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Viza rəsmiləşdirilməsi qaydaları
Vizanın verilməsi üçün müraciət edilməsi və vizanın rəsmiləşdirilməsi qaydaları
- Əcnəbi və vətəndaşlığı olmayan şəxs viza verilməsi haqqında vəsatətlə yaşadığı ölkədə və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına şəxsən və ya nümayəndəsi vasitəsi ilə müraciət edir.
- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanı Azərbaycan Respublikasının ərazisində ala bilərlər.
- Viza verilməsi haqqında vəsatət elektron müraciət formasında da təqdim edilə bilər.
- Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə-anketin forması, dövlət rüsumunun məbləği və ödənilməsi qaydası, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının olmadığı ölkələrdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza alınması üçün müraciət olunmalı üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları barədə məlumat müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəsmi internet saytlarında və binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilir.
- Vizanın rəsmiləşdirilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsi ilə həyata keçirilir.
- Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə müraciət olunduğu gündən ən geci on beş gün keçənədək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci iki iş günü ərzində baxılır.
- Vizanın verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin tamlığı diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən yoxlanıldıqdan sonra həmin məlumatlar dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarasıavtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
- Viza verilməsi məsələsinə baxılarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən məlumatların düzgünlüyü və tamlığı yoxlanılır, “Giriş-çıxış və qeydiyyat” idarələrarasıavtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları ilə müqayisələr aparılır, razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyi alınır, bu işlərin nəticəsindən asılı olaraq qəbul edilən yekun rəy diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir.
- Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, verilməsi və qeydə alınması təmin edilir.
- Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda viza verilməsi haqqında vəsatət rədd edilir, əvvəl verilmiş viza isə ləğv edilir. Təkrar vəsatətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
- Viza verilməsi haqqında vəsatətə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya vəsatətə baxmaqdan imtina edilməsindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər inzibati qaydada və (və ya) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə şikayət edə bilərlər.
- Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydası Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 38-ci maddəsi ilə müəyyən edilir.
Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi hüquqi şəxsin dəvət etməsi üçün tələb olunan sənədlər:
- Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin kağız daşıyıcıda vəsatəti (nümunəsi əlavə olunur) (2 nüsxədə)
- Hüquqi şəxs tərəfindən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ünvanlanmış məktub. Məktubda vizanın məqsədi (işgüzar, əmək, elm və ya təhsil, müalicə, humanitar, mədəniyyət və idman), dəvətin müddəti (işgüzar məqsədi 180 günədək, mədəniyyət və idman məqsədi 60 günədək, digər məqsədlər isə 90 günədək müəyyən edilə bilər), vizanın giriş sayı (birdəfəlik və ya çoxdəfəlik), əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin viza verilməsi məqsədilə müraciət edəcəyi Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğunun adı qeyd olunmalıdır.
- Hüquqi şəxs qeyri-dövlət təşkilatı olduğu halda dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti.
- Dəvət olunan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun surəti.
- Sənədlər hüquqi şəxsin nümayəndəsi vasitəsilə təqdim edildikdə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti (etibarnamə).
- Sənədlər hüquqi şəxsin nümayəndəsi vasitəsilə təqdim edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti.
- Dövlət rüsumunun (4 manat) ödənilməsi barədə qəbz.
Qeyd: - “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.5-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən müvafiq göstərişin göndərilməsi üçün – 4 manat məbləğində dövlət rüsumu alınır.
Dövlət rüsumunun ödənilməsi aşağıdakı şəkildə həyata keçirilə bilər:
1. Banklarda “Hökümət Ödəniş portalı” vasitəsilə.
Qeyd: Ödəniş edərkən dövlət qurumunun adını (Xarici İşlər Nazirliyi – Büdcə Ödənişləri) və ödəniş növünü (142241- Səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə) bildirin.
2. “Hökümət Ödəniş portalı”nın internet informasiya ehtiyatları (www.gpp.az) vasitəsilə.
Qeyd: Aşağıda göstərilən ardıcıllıqla ödəniş edilir.
- “Hökümət Ödəniş portalı”nın internet informasiya ehtiyatlarına (www.gpp.az) daxil olur.
- “Bütün ödənişlər” → “Büdcə” →”Xarici İşlər Nazirliyi” bölməsinə keçid edir.
- Müraciət edən tərəf müvafiq olaraq VÖEN nömrəsi və ya şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edir.
- “142241 - Səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə” bəndini əlavə edir.
- Plastik ödəniş kartının məlumatları daxil edilərək, ödəniş yekunlaşdırılır.
- Qəbz çap edilir.
3. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bank hesabı rekvizitləri vasitəsilə (ƏLAVƏ 1).
Sənədlərin qəbul edildiyi ünvan: Xarici İşlər Nazirliyinin inzibati binasının arxa tərəfində yerləşən vətəndaşlar üçün ayrılmış qəbul otağı. (Ş.Qurbanov küç.50, Bakı.)
Sənədlərin qəbulu və hazır sənədlərin təhvil verilməsi: Bazar ertəsi, Çərşənbə və Cümə günləri (10:00 – 12:30).
Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Dövlət rüsumu
Viza rəsmiləşdirilməsi üçün tələb olunan dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6. və 16.1.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı məbləğdə dövlət rüsumu alınır:
- birdəfəlik giriş vizası üçün - 20 ABŞ dolları
- çoxdəfəlik giriş vizası üçün - 350 ABŞ dolları
- tranzit vizaları üçün - 20 ABŞ dolları
Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.
Ödənilmə ünvanı
Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi.
Diqqət! Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!
Qeyd: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilməlidir.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi aşağıdakı hallarda qadağa edilir:
16.1.1. milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə;
16.1.2. şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda;
16.1.3. şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;
16.1.4. şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə;
16.1.5. şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda;
16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə;
16.1.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə.
16.2. Bu Məcəllənin 16.1.6 – 16.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.
16.3. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.
16.4.Bu Məcəllənin 16.1.8-ci maddəsində nəzərdə tutulmuş şəxslər cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onların Azərbaycan Respublikasına gəlməsi ilə bağlı qadağa dərhal götürülür.
Miqrasiya Məcəlləsinin tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan pasport və digər sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmadan, gəldikləri ölkəyə qaytarılırlar.
Saxta və ya başqasına məxsus sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
17.1.1. onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olduqda – bu əsas aradan qalxanadək;
17.1.2. onlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barələrində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;
17.1.3. onlar məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzalarını çəkib qurtaranadək və ya bu Məcəllənin 17.1.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla cəzadan azad edilənədək;
17.1.4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
17.1.5. onlar üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;
17.1.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
17.1.6-1. vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
17.1.7. onlar inzibati xəta törətdikdə – barələrində inzibati tənbeh tədbirləri icra edilənədək.
17.2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada profilaktik peyvəndlərin aparılmaması Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəlişinin məhdudlaşdırılması ilə nəticələnir.
17.3. Bu Məcəllənin 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.
Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr
Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
I QRUP.
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.
Qeyd: Bir sıra ölkələr tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində müvafiq pasportlar üzrə mövcud olan vizasız gediş-gəliş rejiminin müvəqqəti dayandırılma və ya məhdudlaşdırılma halları mövcuddur. Bu xüsusda, müvafiq pasporta sahib Azərbaycan Respublikası vətəndaşlarına xarici ölkələrə səfər etmədən öncə həmin ölkə tərəfindən tətbiq olunan giriş-çıxış və viza qaydalarının dəqiqləşdirilməsini tövsiyə edirik.
II QRUP.
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;
- həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;
- Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;
- pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - “Qayıdış şəhadətnaməsi”nə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.
|
Ölkənin adı |
İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən müddət |
1 |
Belarus |
90 gün |
2 |
Gürcüstan |
90 gün |
3 |
Qazaxıstan |
90 gün |
4 |
Qırğızıstan |
90 gün |
5 |
Moldova |
90 gün |
6 |
Özbəkistan |
90 gün |
7 |
Rusiya Federasiyası |
90 gün |
8 |
Tacikistan |
90 gün |
9 |
Ukrayna |
90 gün |
10 |
Türkiyə |
90 gün |
11 |
Qətər |
30 gün Qeyd: təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir. |
12 |
Birləşmiş Ərəb Əmirlikləri |
90 gün |
13 14 15 |
Serbiya Albaniya Mərakeş |
90 gün 90 gün 90 gün Qeyd: Ümumvətəndaş pasportuna malik vətəndaşlar. |
III QRUP
Bundan əlavə, hazırda aşağıda qeyd edilən ölkələr tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:
|
Ölkənin adı |
Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət |
1. |
İran |
15 gün |
2. |
Monteneqro | 90 gün |
3. |
Bosniya və Herseqovina |
90 gün |
4. |
Honq-Konq (Çinin Xüsusi inzibati ərazisi – yalnız diplomatik və xidməti pasport) |
14 gün |
5. |
Malayziya (ümumvətəndaş, diplomatik, xidməti pasport) |
30 gün |
6. |
Livan ümumvətəndaş diplomatik xidməti |
30 180 90 |
Dövlət rüsumunun ödənilməsindən azadolmalar
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına gələn aşağıdakı kateqoriya əcnəbi və vətəndaşlığı olmayan şəxslərə viza verilməsinə görə dövlət rüsumu tutulmur:
- Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslər;
- Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlər;
- Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlər;
- Müdafiə xətti ilə səfər edənlər.
Aşağıda qeyd olunan ölkələrin vətəndaşlarına müvafiq qaydada rüsumsuz viza rəsmiləşdirilir:
- Yaponiyanın ümumvətəndaş pasportuna malik vətəndaşlarına - 30 gün müddətinə;
- Pakistan İslam Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarına 15 gün müddətinə;
“Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sədələşdirilməsi haqqında” Sazişin 6-cı maddəsinə əsasən, viza ərizələrinə baxılması üçün rüsumlar aşağıdakı bəndlərə uyğun tətbiq edilir:
- Viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avrodur. Qeyd olunan məbləğə Sazişin 14(4) maddəsində müəyyən edilmiş prosedura uyğun olaraq yenidən baxıla bilər.
- 3-cü bəndə xələl gətirmədən, aşağıdakı kateqoriyalardan olan şəxslər viza ərizəsinə baxılması üçün rüsumdan azad edilirlər:
- Azərbaycan Respublikasının ərazisində qanuni yaşayan Avropa İttifaqı vətəndaşlarının və ya Üzv Dövlətlərdə qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və ya vətəndaşı olduğu Üzv Dövlətin ərazisində yaşayan Avropa İttifaqı vətəndaşlarının və ya Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının yaxın qohumları - ər və ya arvad, uşaqlar (övladlığa götürülənlər də daxil olmaqla), valideynlər (qəyyumlar da daxil olmaqla), babalar, nənələr və nəvələr;
- Üzv Dövlətlər, Avropa Ittifaqı və ya Azərbaycan Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri, о cümlədən daimi üzvləri;
- mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər;
- fəaliyyət qabiliyyəti olmayan şəxslər və zəruri hallarda, onları müşayiət edən şəxslər;
- beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
- universitet və digər mübadilə proqramları da daxil olmaqla elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər;
- təcili tibbi müalicə almaq, yaxud qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək daxil olmaqla, humanitar əsasda səyahətlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və belə şəxsləri müşayiət edənlər;
- mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədi ilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
- təqaüdçülər;
- 12 yaşınadək olan uşaqlar;
- jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;
Üzv Dövlət və ya Azərbaycan Respublikası vizanın rəsmiləşdirilməsi üçün kənar xidmət təchizatçısı ilə əməkdaşlıq etdiyi halda, kənar xidmət təchizatçısı xidmətlər üçün rüsum ala bilər. Bu rüsum kənar xidmət təchizatçısı tərəfindən öz işlərinin icrası zamanı üzləşdiyi xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Üzv Dövlətlər və Azərbaycan Respublikası ərizəçilərə öz ərizələrini birbaşa onların konsulluqlarına təqdim etmək imkanını saxlamalıdır.
İttifaq üçün, kənar xidmət təchizatçısı öz əməliyyatlarını Viza Məcəlləsinə uyğun və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət etməklə həyata keçirir.
Azərbaycan Respublikası üçün, kənar xidmət təchizatçısı öz əməliyyatlarını Azərbaycan Respublikasının və Üzv Dövlətlərin qanunvericiliyinə uyğun olaraq həyata keçirir.
Viza almaq üçün ərizə anket portalı
25 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı” (www.visaapplication.mfa.gov.az) Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilib.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 37-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 1.1.-ci bəndinə uyğun olaraq yaradılmış sözügedən elektron informasiya resursu vasitəsilə ölkəmizə səfər etmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər viza almaq üçün ərizə-anketi elektron qaydada doldurub və daha sonra təsdiq edərək, baxılması üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına göndərmək imkanına malik olacaq.
Yeni elektron informasiya sisteminin tətbiqi əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin viza müraciətlərinin baxılması və işlənməsi üçün sərf olunan müddətin minimuma enməsi, viza almaq üçün nəzərdə tutulan ərizə-anketin tam olaraq elektron doldurulması, vizanın rəsmiləşdirilməsi üçün tələb olunan bəzi sənədlərin elektron qaydada təqdim edilməsi və bununla müvafiq dövlət xidmətin göstərilməsində səmərəliliyin artırılması imkanını yaradacaq.
İstifadəyə verilmiş “Viza almaq üçün ərizə-anket portalı” Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları, o cümlədən Xarici İşlər Nazirliyi vasitəsilə qəbul olunan viza müraciətlərinə aid olacaq.
Elektron vizaların rəsmiləşdirilməsi “ASAN Viza” sisteminin portalı vasitəsilə həyata keçirilir və Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilmiş elektron informasiya sistemindən fərqləndirilməlidir.
İlkin mərhələdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, o cümlədən ölkəmizin Almaniya Federativ Respublikasındakı və Gürcüstandakı səfirlikləri tərəfindən portal vasitəsilə elektron qaydada doldurulan ərizə-anketlər qəbul edilmişdir. Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı diplomatik missiyası da portala qoşulması təmin edilmişdir. Qeyd edək ki. İndoneziyadakı Səfirliyimiz eyni zamanda Filippin, Sinqapur və Timor-Lestedə də akkreditə olunduğundan, həmin ölkə vətəndaşları, eləcə də orda yaşayan digər ölkələrin vətəndaşları portalda yerləşmə yeri İndoneziya göstərilməklə viza-anketini doldurub Səfirliyə göndərmək imkanına malikdirlər.
“Viza almaq üçün ərizə-anket portalı” barədə əlavə məlumat www.visaapplication.mfa.gov.az internet səhifəsindən əldə oluna bilər.
Habelə qeyd edək ki, Miqrasiya Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, 37.1. Əcnəbi və vətəndaşlığı olmayan şəxs viza verilməsi haqqında vəsatətlə yaşadığı ölkədə və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına şəxsən və ya nümayəndəsi vasitəsi ilə müraciət edir.
Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.
Diqqət! Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!
Qeyd: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilməlidir.
Qeyd: Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 2024-cü ilin 20 iyul tarixindən 2025-ci ilin 20 iyul tarixinədək viza tələbi ləğv olunmuşdur. Müvafiq qərara əsasən qeyd olunan müddət ərzində Çin Xalq Respublikası vətəndaşları Azərbaycan Respublikasına 3 (üç) dəfə vizasız gələ və hər girişdə 30 günədək burada qala bilərlər.
Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə dair
Bildiririk ki, 10.12.2020-ci il tarixində Bakıda imzalanan Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı olaraq Türkiyə və Azərbaycana şəxsiyyət vəsiqələri ilə səyahətlərini təmin edən protokol 01.04.2021-ci il tarixindən qüvvəyə minmişdir.
sözügedən sənədin qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə etməklə, digər ölkəyə 90 gün qalma müddətli vizasız səyahət edə bilirlər.
Azərbaycan Respublikasına giriş vizaların rəsmiləşdirilməsinə görə müvafiq ölkələrin vətəndaşlarından tutulan dövlət rüsumunun dərəcələri