İndoneziya, Filippin, Sinqapur və Timor Leste viza məlumatları
İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımıza turistik viza rəsmiləşdirilərkən, şəxsin İndoneziyada qalacağı müddətdə xərclərinin kim tərəfindən qarşılanacağı barədə zəmanət məktubu (yəni vətəndaşın imzalı təsdiq olunmuş ərizəsi) və ya bank hesabı istənilir ki, bu da viza rəsmiləşdirilməsi zamanı əsas şərtlərdən biridir. Viza rüsumu turistik 105 ABŞ dollarıdır.
İndoneziyada hava limanlarında viza (e-VOA, elektron viza) yalnız aşağıdakı hallarda verilir:
- Turizm
- Hökumət rəsmilərinin səfərləri
- İşgüzar danışıqlar
- Ticarət sövdələşmələri (məhsul satışı) zamanı səfərlər
- Görüşlər
- Tranzit
Vurğulamaq lazımdır ki, E-VoA-dan istifadə ciddi şəkildə bu altı fəaliyyətlə məhdudlaşır. Bu səbəbdən də, seminarlarda/təlimlərdə iştirak etmək və ya yoxlamalar/auditlər aparmaq kimi digər məqsədlərlə gələn əcnəbilər yalnız başqa növ viza üçün müraciət etməlidirlər. Elektron viza ilə İndoneziyada qalma müddəti 30 gün verilir və növbəti 30 günə də uzadıla bilər. Bu viza ilə verilən ölkədə qalma icazəsi digər viza növlərində verilmiş qalma icazəsi ilə əvəzlənə və ya uzadıla bilməz. E-viza almaq üçün tələblər: etibarlılıq müddəti bitməsinə ən azı 6 ay qalmış etibarlı pasport, qayıdış bileti və ya digər ölkəyə səyahət bileti, İndoneziya Respublikasının Nazirlik və ya Agentliklərindən rəsmi səfərə dəvət məktubu, habelə viza ödəniş çeki. E-Voa viza üçün müvafiq linkdən (molina.imigrasi.go.id) istifadə olunur. İmmiqrasiya Baş İdarəsi tərəfindən 27.04.2022-ci il tariixndə verilmiş rəsmi məlumata əsasən, daha 12 ölkə İndoneziyaya gələrkən hava limanında e-VOA ala bilər. Son dəyişiklik 2024-cü ilin 26 noyabr tarixində olmuş (Azərbaycanın da adı bu siyahıya əlavə edilmişdir) və bununla da hava limanında viza alan ölkələrin sayı 97-yə çatmışdır. İndoneziya Hökumətinin 2019-cu il qərarına əsasən, hava limanında viza almaq üçün rüsum 500 000 RP (təxminən 33.18 ABŞ dolları) və uzadılması üçün də eyni rüsum ödənilir. Qalmaq icazəsindən sui-istifadə edən, eləcə də sağlamlıq protokollarını və ictimai asayiş qaydalarını pozduqları sübuta yetirilən əcnəbilər müvafiq qanun və qaydalara uyğun olaraq immiqrasiya sanksiyalarına məruz qalırlar. Turizm məqsədilə E-VoA alan şəxslər bu icazədən yalnız turizm üçün istifadə edə bilərlər. Eyni zamanda, E-VoA ölkələri siyahısında olmayan ölkələrin vətəndaşları İndoneziyaya səyahət etmək, işgüzar görüşlər keçirmək və ya digər fəaliyyətlərlə məşğul olmaq üçün visa-online.imigrasi.go.id internet linki vasitəsi ilə onlayn viza üçün müraciət edə bilərlər.
Eyni zamanda, İndoneziya Respublikasının diplomatik və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi üçün 97 ölkə ilə ikitərəfli Sazişinin, habelə ASEAN-ın 10 üzv ölkəsi ilə qarşılıqlı olaraq adi pasportlara malik şəxslərin 30 gün ərzində vizasız gediş-gəlişinə (bu viza kateqoriyasının müddəti uzadılmır və oturum izninə dəyişdirilə bilməz) dair razılaşmanın mövcud olduğu qeyd olunur. Eyni zamanda bildirilir ki, İndoneziya hava limanlarında viza (upon arrival visa Voa) rəsmiləşdirilir. Sözügedən vizanın müddəti 30 gündür, yerli miqrasiya ofisində 1 (bir) dəfə 30 gün müddətinə uzadıla bilər və oturum izninə dəyişdirilə bilməz.
Qeyd: 2024-cü ilin noyabrın 26-dan etibarən Azərbaycan vətəndaşları İndoneziya hava limanlarında viza ala bilərlər.
“Golden visa”: 25 iyul 2024-cü il tarixində İndoneziyanın sabiq Prezidenti Coko Vidodo tərəfindən rəsmi olaraq başladılmış, İndoneziya Hüquq və İnsan Haqları Nazirliyi tərəfindən irəli sürülmüş bu çoxdəfəli vizanın məqsədi xarici vətəndaşların İndoneziya iqtisadiyyatına sərmayə yatırmasını və bununla da mühüm töhfə verməsini asanlaşdırmaqdır. Bir neçə növləri vardır:
-
fərdi investor: 5 illik yaşayış icazəsi almaq məqsədilə İndoneziyada şirkət yaratmaq üçün ən azı 2.500.000 ABŞ dolları, 10 illik yaşayış icazəsi üçün 5.000.000 ABŞ dolları həcmində investisiya yatırmalıdır;
-
korporativ investor: 25,000,000 ABŞ investisiya edən korporasiyaların direktorları və məsul əməkdaşları üçün nəzərdə tutulmuşdur. 50,000,000 ABŞ dolları məbləğində investisiya yatıran korporasiyalara 10 illik viza verilir. Daha sonra məbləğlər dəyişdirilmiş, ilkin kapital 5 illik viza üçün 5 milyon ABŞ dollları və 10 illik viza çün 10 milyon ABŞ dolları müəyyən edilmişdir;
-
qeyri-şirkət investorları: şirkət qurmayan fərdi investorlar 5 illik viza üçün dövlət istiqrazlarına, ictimai şirkət səhmlərinə və ya depozitlərə minimum 350,000 ABŞ dolları, 10 illik viza üçün isə 700.000 ABŞ dolları investisiya yatırmalıdır;
-
diaspora: keçmiş İndoneziya vətəndaşları və törəmələri;
-
ikinci ev: biznes qurmadan uzun müddətli yaşamaq istəyənlər;
-
qlobal istedad: müstəsna bacarıq və nailiyyətləri olan şəxslər;
-
ictimai xadimlər: öz sahələrində mühüm xidmətləri olmuş görkəmli şəxslər;
-
gümüş saç (Silver Hair): İndoneziyada yaşamaq istəyən təqaüdçülər və.s.
“Bridging visa” (“körpü vizası”): 2024-cü ildə Hüquq və İnsan Haqları Nazirliyinin İmmiqrasiya Baş İdarəsi tərəfindən Körpü Vizası kimi də tanınan Keçid Yaşayış İcazəsi siyasəti tətbiq olunmuşdur. Əcnəbilərə İndoneziyanı tərk etmədən yaşayış icazələrini yeniləməyə imkan verən yeni viza növüdür. Bu yaşayış icazəsi əvvəlki və yeni yaşayış icazələri arasında “körpü” rolunu oynayır.
Əsas xüsusiyyətləri: etibarlılıq müddəti 60 gündür, yalnız İndoneziya daxilində olan əcnəbilər üçün keçərlidir və ölkə daxilində əldə edilməlidir, ölkəni tərk etdikdə, istifadə müddəti başa çatır. Viza almaq üçün müraciət edən əcnəbi tələb olunan viza rüsumunu cari icazələrin bitməsinə ən azı üç gün qalmış ödəməlidir. Əvvəlki yaşayış icazələrinin müddəti bitdikdən sonra körpü vizası alan əcnəbilər, ölkədə artıq qalmağa görə məsuliyyətə cəlb edilmirlər.
Qeyd edək ki, İndoneziya Körpü vizasına əlavə olaraq, turistlər və iş adamları üçün 2023-cü ilin dekabrında yeni beş illik çoxdəfəlik giriş vizası tətbiq etmişdir ki, bu da ölkəyə hər səfərdə 60 günə qədər qalma imkanı verir. Vizanın qiyməti 972 dollardır. Bununla belə, bu viza iş məqsədləri üçün istifadə edilə bilməz. Ərizəçilər viza haqqını onlayn ödəməlidirlər. Bu siyasət daha çox xarici turist cəlb etmək və İndoneziyanın turizm sənayesini inkişaf etdirmək məqsədi daşıyır. Qeyd edək ki, İndoneziyanın körpü vizası və beşillik çoxdəfəlik giriş vizasının tətbiqi yaşayış icazələrinin yenilənməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır, ölkənin turistlər, iş adamları və investorlar üçün cəlbediciliyini artırır.
2025-ci ildə İndoneziyada viza kateqoriyaları üzrə əsas dəyişikliklər
İndoneziyanın immiqrasiya və korreksiya naziri viza sistemində yeni dəyişiklik olunmasına dair M.IP-08.GR.01.01 nömrəli 02 iyun 2025-ci il tarixli qərar vermişdir. Yeni qərara əsasən, daha sadələşdirilmiş və vahid viza strukturunun tətbiqi ilə “Viza və yaşama icazəsi haqqında” hüquq və insan haqları nazirinin 22 nömrəli 2023-cü il tarixli və 11 nömrəli 2024-cü il tarixli qərarlarına dəyişiklər olunmuşdur.
Yeni Qərarla viza növləri: səfər vizaları (A, B, C, D və F kateqoriyaları) və müvəqqəti yaşama icazəsinə (E kateqoriyası) bölünür, bir neçə alt kateqoriya bir vizada birləşdirilir və müxtəlif sektorlarda viza sahiblərinin hüquqları müəyyənləşdirilir.
Viza kateqoriyaları üzrə əsas dəyişiklər:
-
A viza - vizasız səfər;
-
B viza – hava limanında 30 günlük viza
-
F viza – hava limanında 7 günlük viza
Əvvəllər müxtəlif alt kateqoriyalar üzrə müəyyən edilən işgüzar səfərlər, görüşlər, məhsul alışı və tibbi müalicə indi A1, B1 və F1 vizalarına daxil edilmişdir. Bu birləşmiş kateqoriyalar əvvəllər icazə verilməyən səfərlərin (fabrik-zavodların, istehsal yerləri və ya mədənlərin ziyarət edilməsi) reallaşmasına imkan yaratmışdır. Bundan əlavə, Hökumətin dəvəti ilə həyata keçirilən fəaliyyətlərin A4, B4 və F4 vizaları çərçivəsində reallaşmasına icazə verilmişdir.
C vizaları (birdəfəlik giriş vizası)
C5A vizası – ayrıca giriş icazəsi alan jurnalist və ya rejissorlardan fərqli olaraq sosial şəbəkə kontentləri yaradıcıları üçün tətbiq olunan yeni viza növüdür.
C6 viza - sosial fəaliyyətin həyata keçirilməsi üçün humanitar və könüllülük xidmətlərini vahid vizada birləşdirir.
C7C viza – incəsənət və mədəniyyət nümayəndələrinin daxil olduğu “incəsənət və mədəniyyət” kateqoriyasına şamil olunur.
C9 viza (kurs və təlimlər) – humanitar yardıma istinad ləğv edilmiş, əsas diqqət qısamüddətli kurslara, eləcə də əvvəl daxil edilməyən qısa müddətli kurs hüququna yönlənmişdir.
C11A viza – İndoneziyada sərgi təşkil edən ölkə vətəndaşlarına şamil olunur və onlara görüşlər, səfərlər, konfrans və sərgilərdə iştirak etməyə imkan verir.
C15 viza – təcili işlər üçün nəzərdə tutulmuş və viza sahiblərinə İndoneziyadan kompensasiya və ya əmək haqı almağa icazə verir.
D viza (çoxdəfəlik giriş vizası) – Bu növ vizada əsas dəyişiklik olmasa da, indi D2 vizası ilə işgüzar səfər, görüş və məhsul alışı mümkündür.
E viza (müvəqqəti yaşama icazəsi)
İş vizası - İmmiqrasiya və Korreksiya Nazirliyi idarəetmə, sənaye, səhiyyə, təhsil və idman da daxil olmaqla müxtəlif sektorlara aid olan iş vizalarını bir viza kateqoriyasına - E23 vizasına (ümumi iş vizası) daxil etmişdir.
Süni intellekt, məlumat elmi, rəqəmsal təhlükəsizlik və proqram təminatının hazırlanması kimi rəqəmsal sektorlar ümumi rəqəmsal əlaqəli iş vizası olan E23Y vizasında cəmləşdirilmişdir. Dəyişikliyə əsasən, iş vizası sahibləri əlavə icazə verilmədikcə təhsil və ya xarici investisiya yatırımı fəaliyyəti ilə məşğul ola bilməzlər.
Tələbə vizası (E30)
Bütün təhsil səviyyələri (diplom, bakalavr, magistratura və doktorantura) E30B viza kateqoriyasına daxil edilmişdir. Tələbə mübadilə proqramları ilə İndoneziyaya gələn əcnəbi tələbələr üçün yeni E30F vizası tətbiq olunacaqdır. İndoneziyada tələbələrin fərdlərdən və korporasiyalardan kompensasiya, əmək haqqı və ya oxşar müavinətlər almasına qoyulan qadağa aradan qaldırılmışdır.
Ailə vizaları (E31 və E32) – bu vizalar yeni növdürlər.
E31 J - 18 yaşdan aşağı subay əcnəbilərin İndoneziyada yaşama icazəsi olan bacı-qardaşlarının yanına səfər etmələri üçündür.
E32E və E32F vizaları – İndoneziyada müstəqil və ya hökumətin dəstəyi ilə yaşamaq istəyən keçmiş İndoneziya vətəndaşları üçündür.
E32G və E32H vizaları – keçmiş İndoneziya vətəndaşlarının törəmələri (ikinci dərəcəli qohumlara qədər) nəzərdə tutulmuş və onların İndoneziyada yaşamasına imkan verir.
Ailə vizalarında da tələbə vizalarında olduğu kimi, kompensasiya, əmək haqqı və ya oxşar müavinətlərin alınmasına qoyulan qadağa aradan qaldırılmışdır.
Sinqapur Respublikası
Səfirliyin akkreditə olunduğu Sinqapur Respublikasına gəlincə isə qeyd etmək istərdik ki, sözügedən ölkəyə daxil olan istənilən ölkə (01.06.2023-cü il tarixindən etibarən Səudiyyə Ərəbistanı Krallığının ümumvətəndaş papsortlarına malik şəxslər istisna olmaqla) vətəndaşı viza ilə səfər etməlidir və viza rüsumu 30 sinqapur dollarıdır (22.45ABŞ dolları) ki, bu da kart (debit və ya visa) vasitəsi ilə ödənilir. 11.03. 2022-ci il tarixindən etibarən Sinqapura səfər edən bütün xarici vətəndaşlara e-poçt vasitəsilə Visit Pass (e-Pass) haqqında rəqəmsal məlumat verilmişdir. Pasportda heç bir təsdiq olmur. E-Pass bildirişində icazə verilən qalma müddəti və icazə verilən son qalma günü göstərilir (ölkəyə gəliş kartını təqdim edərkən etibarlı e-poçt ünvanı göstərilməlidir ki, viza barədə məlumat həmin ünvana göndərilsin). Azərbaycan Respublikası ümumvətəndaş pasportılarına (diplomatik, rəsmi və xidməti pasport sahiblərinin ölkəyə girişi üçün vizaya ehtiyacı yoxdur-30 gün qalma icazəsi vardır) malik şəxslər Sinqapura gəlməzdən əvvəl viza üçün müraciət etməlidirlər. Viza müraciətinə üç iş günü ərzində baxılır (təqdim olunduğu gün istisna olmaqla). Bəzi müraciətlərin baxılması daha uzun çəkə bilər. Şəxsin Sinqapura gəlməzdən əvvəl 30 gün ərzində giriş vizası üçün müraciət etməyi tövsiyə olunur. Viza üçün müraciət e-xidmətdən istifadə edilərək, strateji tərəfdaş və ya Sinqapurdakı yerli əlaqə vasitəsi ilə onlayn oluna bilər. Eyni zamanda, şəxs viza üçün müraciətini öz ölkəsinə ən yaxın akkreditə olunmuş Sinqapur diplomatik nümayəndəliyinə və ya səlahiyyətli viza agenti vasitəsilə təqdim edə bilər. Viza verilməsi təsdiqləndiyi halda, müraciət edən şəxsin yerli əlaqəsi, strateji tərəfdaşı və ya səlahiyyətli viza agenti e-vizanın surətini çap etmək üçün e-Xidmətdən istifadə edə bilər (https://www.ica.gov.sg/enter-transit-depart/entering-singapore/visa_requirements/visa-detail-page/azerbaijan). Habelə, Sinqapur ərazisindən tranzit keçən və etibarlı avia bileti olan Müstəqil Dövlətlər Birliyi (MDB), Gürcüstan, Hindistan, Çin Xalq Respublikası (ÇXR), Türkmənistan və Ukrayna vətəndaşları 96 saat müddətində Sinqapurdan vizasız tranzit keçə bilmək xidmətindən istifadə etmək imkanına malikdirlər (qeyd: bir şərtlə ki, Sinqapura istənilən nəqliyyat növü ilə daxil olmalarına baxmayaraq, ölkə ərazisini mütləq şəkildə hava nəqliyyatı ilə tərk etməlidirlər). Hindistan və Çin vətəndaları da 96 saat vizasız tranzit keçmə xidmətindən istifadə edə bilərlər. Həmin ölkə vətəndaşları ölkəyə istənilən nəqliyyat forması ilə daxil olsalar da, Sinqapurdan yalnız etibarlı viza və ya Avstraliya, Yeni Zelandiya, Kanada, Yaponiya, Almaniya, İsveçrə, İngiltərə və ABŞ-a daxil olmaq üçün rəsmiləşdirilmiş uzunmüddətli keçid vizası-icazəsi (Sinqapura giriş tarixindən ən azı bir ay etibarlılıq müddəti olan) olmaq şərti ilə və yalnız 96 saat ərzində Sinqapurdan yola düşən etibarlı hava/bərə/kruiz bileti ilə dəniz və ya hava nəqliyyatı vasitəsi ilə tranzit keçə bilərlər (https://www.ica.gov.sg/enter-transit-depart/entering-singapore/visa-free-transit-facility).
Habelə, Sinqapur Respublikasının hava limanlarında viza rəsmiləşdirilmir və bunun üçün müvafiq sistem də qurulmamışdır. Bununla belə, ölkəyə səfər edən əcnəbilər immiqrasiya proseslərindən əvvəl Elektron Gəliş Kartını (Electronic Arrival Card) doldurmalıdır ki, bu da viza deyildir və xidmət haqqı daşıyır. Qeyd edək ki, sözügedən kart 2019-cu ilin avqust ayında Sinqapur İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) tərəfindən ənənəvi kağız Disembarkation / Embarkation Card (DE Card) əvəz etmək üçün təqdim edilmişdir. Bu, elektron qəbul sənədidir ki, səfər edən şəxslər gəlməzdən əvvəl 14 gün ərzində və ya pasportun müddəti onların nəzərdə tutulan səfər tarixindən əvvəl başa çatana qədər təqdim etməlidirlər. Bu kartın dövriyyəyə buraxılmasında məqsəd səfər edən əcnəbiləri hava limanında vaxt itkisindən azad etməkdir. Müraciət edən şəxslər ərizə formasını doldurduqdan sonra öz Turist Kartını elektron poçt vasitəsilə alırlar. Gəliş kartı olan ziyarətçilər ölkəyə hər giriş zamanı maksimum 30 gün qala bilərlər. Bu, eyni zamanda birdəfəlik giriş hüququ verir və verildikdən 30 gün sonra müddəti başa çatır.
6 mart 2025-ci il tarixində Sinqapurun İşçi Qüvvəsi Nazirliyi (MOM) ölkənin xarici işçi qüvvəsi siyasətində bir neçə yeniləmə elan etmişdir. Bu dəyişikliklərə S Pass sahibləri (iş kriteriyalarına cavab verən ixtisaslaşmış işçilər) üçün əmək haqqı tələblərinin artırılması, İş İcazəsi qaydalarının sadələşdirilməsi və Strateji İqtisadi Prioritetlər üçün İşçi Qüvvəsi (M-SEP) Sxeminin genişləndirilməsi daxildir.
Sinqapurun iş icazəsindəki bəzi son dəyişikliklər aşağıdakılardır:
- İş müddətinin uzadılması
Yeni iş icazəsi qaydalarının tətbiqi ilə yanaşı, Sinqapur 2025-ci ilin iyul ayının əvvəlindən etibarən iş icazəsi sahibləri üçün iş müddətinin limitlərini rəsmi olaraq ləğv edib. İndi bütün millətlərdən olan iş icazəsi sahibləri uyğunluq meyarlarına cavab verdikləri və xidmətləri hələ də tələb olunduğu müddətcə maksimum iş müddəti olmadan Sinqapurda işlərini qeyri-müəyyən müddətə davam etdirə bilərlər. Bu, maksimum iş müddətinin olmaması qaydasının yalnız Makao, Tayvan, Honkonq və Cənubi Koreya kimi Malayziya və Şimali Asiya Mənbə (NAS) işçilərinə şamil edildiyi əvvəlki qaydadan əhəmiyyətli bir dəyişiklikdir. Eyni zamanda, Çin Xalq Respublikasından (ÇXR) və Qeyri-ənənəvi Mənbələrdən (NTS) olan işçilər əvvəlcə Sinqapurda maksimum 14 ildən 26 ilə qədər işləyə bilərlər.
2. Maksimum məşğulluq yaşının artırılması
İş müddətinin ləğvi ilə yanaşı, həmçinin işə qəbul seçimlərini artırmağı və ixtisaslı xarici işçilər üçün məşğulluq yaş məhdudiyyətini artıraraq uzunmüddətli karyera imkanlarını gücləndirməyi hədəfləyir. Yeni dəyişikliyinə əsasən, məşğulluq yaşı Sinqapurun rəsmi təqaüd yaşına uyğun olaraq 63 yaşa artırılır. Bundan əlavə, yeni iş icazəsi üçün müraciət edənlər üçün maksimum yaş həddi Malayziya işçiləri üçün 58 yaşdan, qeyri-Malayziyalılar üçün isə 50 yaşdan 61 yaşa qaldırılmışdır.
3.Genişləndirilmiş mənbə ölkələri və peşə seçimləri
1 iyun 2025-ci il tarixində Sinqapur Laos, Kamboca və Butanı Hindistan, Myanma, Tailand, Şri-Lanka, Filippin və Banqladeşin daxil olduğu təsdiqlənmiş Qeyri-Ənənəvi Mənbə (NTS) ölkələri siyahısına əlavə etmişdir. Həmçinin, peşə siyahısını genşləndirərək, sözügedən siyahıya ağır nəqliyyat vasitələri sürücüləri, müxtəlif istehsal peşələri və ixtisaslaşmış aşpazlar da daxil edilmişdir. Əvvəllər bu siyahıya qida emalı işçiləri, istehsal şirkətlərində çalışanlar, lisenziyalı otellərdə ev işçiləri, yükdaşıyanlar və ölkədəki hind restoranlarında çalışan aşpazlar daxil edilmişdir. 01 sentyabr 2025-ci il tarixindən tətbiq olunmuş bu qaydaya əsasən, işəgötürənlər NTS iş icazəsi sahiblərinə aylıq sabit 2000 dollar ödəməyə borcludurlar. Bundan əlavə, işçilərdən Məşğulluq S Pass sahibləri istisna olmaqla, işəgötürənin ümumi işçi sayının 8%-ni və ya daha azını təşkil etmələri tələb olunur.
4. S Pass əmək haqqı tələblərində və vergi dərəcələrində düzəlişlər
S Pass sahibləri üçün vergi dərəcələri və minimum ixtisas əmək haqqı tələbləri baxımından da əhəmiyyətli dəyişikliklər həyata keçirilmişdir. 2025-ci ilin sentyabr ayının əvvəlində orta səviyyəli ixtisaslı işçilər üçün nəzərdə tutulmuş S Pass üçün minimum ixtisas əmək haqqı əksər sektorlar üçün 3150 Sinqapur dollarından 3300 Sinqapur dollarına qədər artırılmış və maliyyə xidmətləri sektorları üçün 3800 Sinqapur dollarına qədər qaldırılmışdır. Bu düzəlişin məqsədi daha yüksək ixtisaslı xarici işçiləri cəlb etmək və işçi qüvvəsinin keyfiyyətini yaxşılaşdırmaqdır, S Pass Tier 2 vergi dərəcəsi isə ayda 650 Sinqapur dolları olaraq olaraq qalmışdır.
Filippin Respublikası
Filippin Respublikasına səfər etmək istəyən bir çox ölkələr çıxmaq şərti ilə (30 gün vizasız qalma icazəsi olan ölkələrin siyahısı əlavə olunur) Azərbaycan Respublikasının ümumvətəndaş pasportlarına malik şəxslər (qeyd: “Diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş layihəsində iki tərəf arasında yaranmış mübahisəli məsələ artıq aradan qaldırılmış, sözügedən Saziş layihəsi 04.04.2023-cü il tarixində Azərbaycan Respublikası ilə Filippin Respublikası arasında Manilada keçirilmiş siyasi məsləhətləşmələr zamanı müzakirə edilmiş və sənədin imzalanmaq üçün hazır olduğu və bu istiqamətdə müvafiq işlərin görülməsinin davam etdiriləcəyi qeyd olunmuşdur), eləcə də bəzi ölkələr (siyahı əlavə olunur) vətəndaşları üçün viza tələb olunur. Filippin Respublikasına səfər etmək üçün online viza müraciət sistemi (https://www.visa.gov.ph) yalnız qısa müddətli səfər üçün nəzərdə tutilmuşdur. Turist viza (29 gün qalma müddəti) rüsumu 3030 filippin pesosu-PHP (169.17 ABŞ dollarıdır).
Filippin Respublikasının viza siyasəti Filippin Xarici İşlər Departamenti tərəfindən idarə olunur və ölkəyə turizm, biznes, tranzit, işləmək, təhsil almaq və ya daimi yaşamaq üçün səfər etmək istəyən xarici vətəndaşlar üçün tələbləri müəyyən edir. Turist vizası Filippinin Xarici İşlər Departamentinin nəzarətində olsa da, Filippin İmmiqrasiya Bürsou tərəfindən rəsmiləşdirilir.
Filippin Elektron Səyahət İcazəsi (eTA) qısa müddət ərzində səyahət etməyə icazə verən elektron səyahət icazəsidir, 2015-ci ildən tətbiq edilməyə başlamışdır. Hazırda yalnız Tayvan vətəndaşları üçün tətbiq olunsa da (30 gün müddətində ölkədə qalma icazəsi verir), gələcəkdə onun digər öğlkə vətəndaşlarına da tətbiq olunması gözlənilir. Filippin elektron vizası ölkəyə səyahət etmək üçün lazımi icazənin alınması prosesini asanlaşdırır, habelə viza üçün səfirlik və ya konsulluğa müraciəti aradan qaldırır. Çox girişli səyahət icazəsi onlayn vizadan imtinadır və o, Filippində cəmi 30 gün qalmağa icazə verir, təsdiq edildiyi tarixdən 1 ay müddətində etibarlıdır.
Yalnız turizm məqsədilə Filippinə gələn bəzi ölkə vətəndaşları Filippin hava limanlarında viz ala bilərlər ki, bu da viza sahibinə ölkədə 59 günə qədər qalmaq imkanı verir. Viza üçün müraciət edən əcnəbi vətəndaşın etibarlılıq müddəti 6 aydan az olmayan pasportu, geri dönüş bileti və qaldığı müddət ərzində şəxsi təminatı üçün maddi vəsaiti olmalıdır.
Timor - Leste Respublikası
Timor - Leste Respublikasının müvafiq qanunvericiliyinə əsasən, İndoneziya, Cape Verde (30 gün vizasız rejim) və Şengen zonası (180 gün ərzində 90 gün vizasız rejim) istisna olmaqla, digər ölkə vətəndaşları ölkəyə səfər etməzdən əvvəl viza almalıdırlar. Onu da qeyd edək ki, Timor Leste 26.05.2015-ci il tarixində Avropa İttifaqı ilə qarşılıqlı vizadan imtina sazişi imzalamışdır. Viza rüsumu 30 ABŞ dollarıdır.
Habelə, bir çox hallarda Timor-Leste hava limanında viza almaq mümkündür. Viza etibarlılıq müddəti bitməsinə ən azı 6 ay qalmış pasport, viza rüsumunun ödənilməsi və səyahətçilər tərəfindən doldurumuş gəliş kartının (sərhəd məntəqəsində mövcuddur) əsasında verilir. Viza müraciəti zamanı əcnəbilər müvafiq məsələlər (səfərin məqsədi: turist və ya işgüzar səfər, viza şərtlərini pozmadan qalma müddətində şəxsi təminat üçün kifayət qədər vəsaitin olması, qaldığı müddət ərzində müvafiq yaşayış yeri ilə təmin olunma) barədə sorğu-sual olunurlar.
Bundan əlavə, ölkəyə girərkən aşağıdakı sənədlər tələb olunur: şəxsin müvafiq səyahət sənədi və ya etibarlılıq müddəti 6 aydan az olmayan pasport, pasportda viza stikeri üçün tam istifadə olunmamış 2 ədəd səhifə mövcud olmalıdır, geri qayıdış bileti, 30 ABŞ dollar viza rüsumu (nəğd şəklində, pul çıxartmaq üçün hava limanında xüsusi aparatların olmama ehtimalına görə), habelə vizanın verilməsini əsaslandıran hər hansı digər sənədlər.
Quru sərhədi, hava və ya dəniz yolu ilə ölkəyə girişdən asılı olaraq viza almaq üçün müxtəlif üsullar mövcuddur. Turizm vizası tək girişli olur və qalma müddəti 30 gündür, daha 30 gün müddətinə uzadıla bilər (rüsum 40 ABŞ dollarıdır). Oecussi beynəlxalq hava limanına çoxdəfəli giriş vizası ilə daxil olmaq mümkündür. Turist vizası ilə gələn əcnəbilər ölkədə hər-hansı peşəkar fəaliyyətlə məşğul ola bilməzlər.