İndoneziya, Sinqapur, Timor Leste və Filippində leqalaşdırma və apostil məlumatlarına dair

 İndoneziya Respublikasında apostil və leqallaşdırma İndoneziya Respublikasının Xarici İşlər Nazirliyi və Hüquq və İnsan Hüquqları Nazirliyi tərəfindən həyata keçirilir. Leqallaşdırma üçün məsul olan rəsmi qurum İndoneziya Xarici İşlər Nazirliyidir (https://kemlu.go.id/portal/en/read/186/halaman_list_lainnya/document-legalization). Apostil üzrə isə məsul qurum Hüquq və İnsan Hüquqları Nazirliyidir. Leqallaşdırma məsələsi müvafiq qanunvericiliklə tənzimlənir: İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin “İndoneziya Xarici İşlər Nazirliyində sənədlərin leqallaşdırlması üçün mövcud olan prosedurlar üzrə” 13 nömrəli 2019-cu il tarixli Nizamnaməsi və İndoneziya Respublikası Prezidentinin Xarici İşlər Nazirliyi üzrə 116 nömrəli 2020-ci il Fərmanı. İndoneziyanın xaricdəki nümayəndəlikləri və eləcə də İndoneziyada akkreditə olunmuş xarici ölkələrin nümayəndəlikləri tərəfindən leqallaşdırılan xarici sənədlər İndoneziyada istifadə oluna bilər. Xarici İşlər Nazirliyinin Elektron Leqallaşdırma Xidməti Sistemi İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində - Sənədlərin Leqallaşdırılması və ya Sənədlərin Təftişi xidmətləri üçün qeydiyyatdan keçmək üçün istifadə edilən proqramdır.

Leqallaşdırma prosesi 2 gün çəkir və hər bir sənədin leqallaşdırılması üçün dövlət rüsumu 25 000 İDR yerli İndoneziya pulu (1.68 dollar) nəzərdə tutulmuşdur. Leqallaşdırılan və eləcə də apostil olunan sənədlər: doğum, ölüm, nikah və boşanma haqqında şəhadətnamələr, məhkəmə qərarları, təhsil sənədləri, sürücülük vəsiqəsi, mənşə sertifikatı, etibarnamə, bəyanat məktubu və.s

Onu da qeyd edək ki, İndoneziya Respublikası 4 iyun 2022-ci il tarixindən etibarən Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbinin ləğvi haqqında 5 oktyabr 1961-ci il tarixli Konvensiyaya (Apostil Konvensiyası) qoşulmuşdur. Apostilin verilməsi üçün məsul orqan kimi İndoneziyanın Hüquq və İnsan Hüquqları Nazirliyi müəyyən edilmişdir. Hər bir sənəd üçün apostil rüsumu  150 000 İDR yerli İndoneziya puludur (10.05 dollardır). Konvensiyanın 1-ci və 2-ci maddələrində nəzərdə tutulduğu kimi, İndoneziya tərəfi Konvensiyanın digər Razılığa gələn Tərəfinin İndoneziyada istifadəsi üçün verdiyi xarici dövlət sənədlərini leqallaşdırma tələbindən azad edir (əgər onlar Konvensiyanın digər Razılığa gələn Tərəfinin səlahiyyətli orqanı tərəfindən artıq apostil edilibsə). Habelə, İndoneziya Respublikasının yerli dövlət qurumları tərəfindən verilmiş rəsmi sənədlər, məsul qurum kimi Hüquq və İnsan Hüquqları Nazirliyi tərəfindən Apostillə təsdiqləndikdən sonra Apostil Konvensiyasının digər Tərəflərinin əraziləri daxilində istifadə edilə bilər.

Sinqapur Respublikasında apostil və leqallaşma xidmətləri Sinqapur Hüquq Akademiyası tərəfindən həyata keçirilir (https://legalisation.sal.sg/). Sinqapur Respublikası 18.01.2021-ci il tarixindən etibarən Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbinin ləğvi haqqında 5 oktyabr 1961-ci il tarixli Konvensiyaya (Apostil Konvensiyası) qoşulmuşdur. Belə ki, 2020-ci ilin noyabrında Sinqapur Parlamentinin Apostil Aktını qəbul etməsi ilə Apostil Konvensiyası 16 sentyabr 2021-ci il tarixindən Sinqapurda rəsmi olaraq qüvvəyə minmişdir. Nəticədə, müqavilə (Konvensiyanın) tərəfləri Sinqapur hakimiyyət orqanları tərəfindən verilən rəsmi sənədlərin leqallaşdırılması tələbindən imtina edərək, Sinqapurun apostil üzrə təyin edilmiş səlahiyyətli orqanı olan Sinqapur Hüquq Akademiyası tərəfindən verilmiş apostili tanımışdır. Analoji olaraq, Sinqapur hakimiyyəti də Apostil Konvensiyasının şərtlərində nəzərdə tutulduğu kimi, Razılığa gələn tərəflərdən daxil olan xarici rəsmi sənədlər üçün leqallaşdırmanın əvəzinə apostili qəbul etmişdir. Bu xüsusda, Apostil Konvensiyasını tətbiq etmək üçün Sinqapur Hüquq Akademiyası 16 sentyabr 2021-ci il tarixindən etibarən xaricə göndərilən bütün Sinqapur sənədləri üçün apostil vermək səlahiyyətinə malik olmuşdur. Elektron Qeydiyyat xidməti Sinqapurda verilmiş apostil və ya notariat şəhadətnamələrinin yoxlanılmasına imkan verir. O, yalnız maraqlı tərəflər tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur. Hər bir sənəd üçün leqallaşdırma rüsumu 10.70 (xidmət haqqı da daxil olmaqla) Sinqapur dollarıdır. Sənədlərin apostil olunması üçün Sinqapur Hüquq Akademiyasının rəsmi internet səhifəsinə (https://legalisation.sal.sg/.) online müraciət olunmalıdır. Sinqapur Hüquq Akademiyası rəsmi dövlət sənədlərini (doğum, ölüm, nikah və boşanma şəhadətnamələrini, məhkəmə qərarlarını və.s) leqallaşdırır və apostil edir. Sözügedən qurum özəl sənədləri (yəni, qeyri-hökumət sənədləri) yalnız həmin sənədlər Sinqapur Notariusu (notariat xidmətləri təklif edən hər hansı hüquq firması da ola bilər) tərəfindən notarial qaydada təsdiq edildikdən sonra audentifikasiya (təsdiq) edir. Sinqapur Hüquq Akademiyasına 86,40 Sinqapur dolları (əlavə xidmət haqqı daxil olmaqla) məbləğində Autentifikasiya rüsumu ödənildikdən (və bu, qeyd olunan notariusun sənədin notariat qaydasında təsdiqlənməsi üçün tələb edə biləcəyi hər hansı ödənişləri istisna edir) sonra Notarial Şəhadətnamə verilir.  Notariat təsdiqi tamamlandıqdan sonra sənəd yuxarıda qeyd olunan autentifikasiya haqqını göstərən Sinqapur Notariusunun hesab-fakturası ilə birlikdə Sinqapur Hüquq Akademiyasına təqdim edilir. Apostil sertifikatını alan istənilən şəxs https://legalisation.sal.sg/AuthenticationCert/Search elektron ünvanında axtarış reyestrindən istifadə edərək sənədi axtarışa verə, eləcə də həqiqiliyini yoxlaya bilər.

Sinqapur Hüquq Akademiyası habelə, Ticarət Palatalarından (Sinqapur Ticarət və Sənaye Palatası; Sinqapur Çin Ticarət və Sənaye Palatası; Sinqapur Hindistan Ticarət və Sənaye Palatası; Sinqapur Beynəlxalq Ticarət Palatası; Sinqapur Malay Ticarət və Sənaye Palatası; Sinqapur İstehsalat Federasiyası) hər hansı biri tərəfindən təsdiq edildikdən sonra qaimə-faktura, satış sənədləri, mənşə sertifikatları, fumiqasiya sertifikatları və s. kimi kommersiya sənədlərini də leqallaşdırır. Sinqapur Hüquq Akademiyası Sinqapur Hüquq Qaydaları Akademiyasının 12-ci Qaydasına əsasən Sinqapurda təyin edilmiş dövlət notariuslarının imzalarının autentifikasiyası xidmətlərini həyata keçirir. Qeyd edək ki, sənədin leqallaşdırılması üçün şəxsin Sinqapur Hüquq Akademiyasına şəxsən gəlməsi tələb olunmur. Bunun üçün şəxs icazə məktubu tələb olunmadan vəkil təyin edə bilər.

Filippin Respublikasında apostil və leqallaşdırma üzrə məsul qurum Filippin Respublikasının Xarici Əlaqələr Departamentidir (Konsulluq Məsələləri idarəsinin Autentifikasiya şöbəsi) (https://dfa.gov.ph/secretary-of-foreign-affairs-phl). Filippin Respublikasında apostil konvensiyası 14.05.2019-cu il tarixində qüvvəyə minmişdir. Həmin tarixdən sonra Avstriya, Finlandiya, Almaniya və Yunanıstan istisna olmaqla (onlar Filippinin qoşulmasına etiraz ediblər), Konvensiyaya üzv ölkələrdə icra edilmiş və apostil edilmiş sənədlərin artıq Filippin Səfirliyi və ya Konsulluğu tərəfindən təsdiqlənməsinə ehtiyac qalmamışdır. Anoloji addım Konvensiyanın digər üzv dövlətləri tərəfindən Filippin dövlət qurumları tərəfindən verilmiş sənədlərə də şamil edilmişdir. Konvensiyaya üzv olmayan ölkələr (habelə üzv olan Avstriya, Finlandiya, Almaniya və Yunanıstan) tərəfindən verilmiş rəsmi sənədlər isə əvvəlki qaydada verən dövlət qurumu tərəfindən leqallaşdırıldıqdan, daha sonra Filippin Respublikasının xaricdəki səfirlik və baş konsulluqlarında təsdiq edildikdən sonra Filippində istifadə edilə bilər. Habelə qeyd olunmalıdır ki, Filippinin xaricdəki səfirlik və baş konsulluqları apostil üçün məsul qurum deyildir. Apostil və leqallaşdırma üzrə məsul qurum Filippin Respublikasının Xarici Əlaqlər Departamentidir. Sözügedən qurum tərəfindən apostil olunmuş sənədlərin xaricdəki Filippin səfirlik və konsulluqları, eləcə də təqdim ediləcək ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilməsinə ehtiyac qalmır. Xarici Əlaqələr Departamentin Konsulluq Məsələləri idarəsi (Autentifikasiya şöbəsi) (https://dfa-oca.ph/Apostil Konvensiyasının həyata keçirilməsinə cavabdeh idarə kimi təyin edilmişdir. Apostil üçün Departamentin online müraciət və təyinat sistemi mövcuddur (https://www.apostilleonline.ph/). Sözügedən sistem Filippinin xaricdə akkreditə olunmuş bütün səfrilik və konsulluqlarında əlçatan olmaq üçün hələ ki, inkişaf prosesindədir. Bu səbəbdən də, online müraciət sistemi olmayan səfirlik və konsulluqlarda müraciətlər birbaşa qəbul edilir. Xarici Əlaqlər Departamentinə isə apostil üçün birbaşa və ya online müraciət etmək mümkündür. Filippin dövlət qurumları tərəfindən verilmiş rəsmi sənədlər (Milli Tədqiqat Bürosu tərəfindən verilmiş VVAQ sənədləri, təhsil müəssisələri tərəfindən verilmiş diplomlar, məhkəmələr tərəfindən verilmiş məhkəmə qərarları, eləcə də sənədin xarakterindən asılı olaraq Filippin Ticarət Palatası, Səhiyyə Departamenti, Kənd Təsərrüfatı Departamenti və ya Qida və Dərman Bürosu tərəfindən sertifikatlaşdırılmış sənədlər və.s) apostil olunur və ya ehtiyac olduqda leqallaşdırılır (təqdim olunan ölkədən asılıdır). Şəxsi sənədlərin və ya ərizəçilər tərəfindən öz şəxsi məsələləri üçün tərtib edilmiş sənədlərin təsdiqi yalnız o halda həyata keçirilə bilər ki, onlar notarial qaydada təsdiqlənsinlər və daha sonra onlara nəzarət edən Regional Məhkəmə tərəfindən Notariat Hərəkətinin aparılması üçün Səlahiyyət sertifikatı verilsin. Apostil 2 qaydada verilir: adi və sürətləndirilmiş. Adi qaydada (5 iş günü) hər sənəd üçün 100 000PHP (filippin pesosu, 1.80 ABŞ dolları), sürətləndirilmiş qaydada (2 iş günü) hər sənəd üçün 200 000 PHP (filippin pesosu, 3.60 ABŞ dollarıdır) müəyyən edilmişdir.  Leqallaşdırma xidməti üçün rüsum 25 ABŞ dolları müəyyən edilmiş və bu xarici xidmət məntəqələrindəki (Filippinin diplomatik nümayəndəlik və konsulluqlarının yerləşdiyi xarici ölkələrdəki ABŞ dollarının kursu) məzənnədən aslı olaraq dəyişə bilər.

 

Timor Leste Demokratik Respublikası Apostil Konvensiyasına qoşulmadığından, xarici ölkələrdə rəsmiləşdirilən bütün sənədlər sözügedən ölkədə istifadə edilməsi üçün həmin ölkənin səfirlik və ya konsulluqlarında təsdiq olunmalıdırlar (leqallaşdırılmalıdırlar).

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti