İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan Respublikasının müstəqilliyi İndoneziya Respublikası tərəfindən 28 dekabr 1991-ci il tarixində tanınmış və iki ölkə arasında diplomatik münasibətlər 24 sentyabr 1992-ci il tarixində qurulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının İndoneziya Respublikasında Səfirliyinin təsis edilməsi haqqında Sərəncamı imzalamış və 13 sentyabr 2005-ci ildə imzalanan digər Sərəncamla İbrahim Hacıyev Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

1 fevral 2006-cı ildə Cakarta şəhərində Azərbaycan Respublikasının Səfirliyi təsis edilmiş və bu, Azərbaycanın Cənub-Şərqi Asiya regionunda açılan ilk səfirliyi olmuşdur. İndoneziya Respublikası isə 2 dekabr 2010-cu ildə Bakı şəhərində səfirliyini açmışdır.

Azərbaycanla İndoneziya arasında qardaşlıq və dostluq əlaqələrinə uyğun olaraq, ikitərəfli qarşılıqlı siyasi dəstək, birgə güclü və etibarlı tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində çox fəal şəkildə əməkdaşlıq edir və BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyirlər. Bununla yanaşı, Azərbaycan və İndoneziya beynəlxalq səviyyədə tanınmış sərhədlərinə uyğun olaraq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və açıq şəkildə dəstəkləyirlər. Azərbaycan təbii fəlakətlər nəticəsində çətin günlər yaşayan qardaş İndoneziya xalqına hər zaman humanitar yardım göstərərək dəstəkləmiş və onun yanında olmuşdur.

İki ölkə arasında bir çox sahələrdəki genişmiqyaslı ikitərəfli münasibətlər günü-gündən inkişaf etməkdədir. Hər iki tərəf qarşılıqlı investisiya və ticarəti, turizm sektorunda əməkdaşlığı, təhsil və mədəniniyyət sahəsində əlaqələrin genişləndirilməsi, habelə Azərbaycan və İndoneziyanın regionları arasında münasibətlərin qurulmasını təşviq edir və dəstəkləyir.

Əhaliyə dövlət xidmətlərinin göstərilməsi sahəsində ikitərəfli əməkdaşlıq iki ölkə arasında sürətlə inkişaf edən sahələrdən biridir. Azərbaycan eyni bir məkandan bütün dövlət xidmətlərinin göstərildiyi "Bir Pəncərə" sistemi olan "ASAN Xidmət" adlanan qurumun fəaliyyətini və uğurlu təcrübəsini İndoneziya ilə bölüşməkdədir.

İki ölkənin universitet və təhsil müəssisələri arasında əməkdaşlığın təşviqi Azərbaycan tərəfindən diqqət mərkəzində saxlanılan mühüm sahələrdən biridir və 2018-ci ildən etibarən Azərbaycan İndoneziyanın da üzv olduğu İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün ali təhsil müəssisələrinin bütün səviyyələri üzrə təqaüdlər təqdim edir.

Azərbaycan İndoneziya ilə iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bu baxımdan iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsini fəal şəkildə dəstəkləyir.

 

Mühüm yüksək səviyyəli səfərlər və görüşlər

2015-ci ilin 5-6 iyun tarixlərində İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar naziri Sudirman Saidin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev S. Saidi qəbul etmişdir. Həmçinin, S.Saidin səfəri çərçivəsində Azərbaycan və İndoneziyanın Energetika Nazirlikləri arasında Birgə Bəyannamə imzalanmışdır.

2015-ci ilin 22-26 sentyabr tarixlərində Varşavada təşkil olunmuş Diplomatik Akademiyaların Beynəlxalq Forumunun illik konfransı əsnasında ADA Universiteti ilə İndoneziya XİN-nin Təhsil və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır.

2016-cı ilin 8-12 avqust tarixlərində İndoneziyanın Bali adasında “Vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi və təmin edilməsi” başlığı altında keçirilmiş Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının 3-cü Konqresində iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İndoneziyada səfərdə olmuşdur.

2017-ci ilin 18-24 fevral tarixlərində İndoneziya Respublikasının Parlamentində fəaliyyət göstərən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətə Azərbaycanda səfərdə olmuşdur.

2017-ci ilin 8-12 may tarixlərində Beynəlxalq Liman Assosiasiyasının Balidə keçirilmiş 30-cu Ümumdünya Konfransında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Konfrans çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC ilə İndoneziya Liman Korporasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

2017-ci ilin 24-26 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziyada səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

2017-ci ilin 9-12 sentyabr tarixlərində İndoneziya Respublikası Nümayəndələr Palatasının İkinci Komissiyasının sədri Zainudin Amalinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

2017-ci ilin 26-28 sentyabr tarixlərində İndoneziya Respublikası Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə xüsusi elçisi Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

2018-ci ilin 5-6 aprel tarixlərində İndoneziya Xarici İşlər nazirinin müavini cənab Abdurrahman Mohammad Faxirin başçılıq etdiyi nümayəndə heyəti, Bakıda Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirak etmək üçün Azərbaycana səfər etmişdir.

2018-ci ilin 19 aprel tarixində iki ölkə arasında 24 sentyabr 1992-ci ildə diplomatik əlaqələrin qurulması münasibətilə İndoneziya Respublikasının Prezidenti Coko Vidodo tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanmışdır.

2018-ci ilin 11-16 sentyabr tarixlərində İndoneziya Respublikasının Mədəniyyət və Təhsil naziri Muhacir Effendi Bakıda keçirilmiş üçüncü İndoneziya Festivalında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı M.Effendi Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəz Qarayev, Təhsil naziri Ceyhun Bayramov və Azərbaycan Dillər Universitetin rektoru Kamal Abdulla ilə görüşmüşdür.

2019-cu ilin 17 yanvar tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində 2-ci İndoneziya-Azərbaycan Siyasi Planlaşdırma Dialoqu keçirilmişdir. Tədbirdə iştirak etmiş İndoneziya nümayəndə heyətinə İndoneziya XİN-in Siyasi Təhlil və İnkişaf Agentliyinin Baş direktoru Sisvo Pramononun başçılıq etmişdir. Görüş əsnasında siyasi-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi və bu istiqamətdə atıla biləcək qarşılıqlı səylərə dair fikir mübadiləsi aparılmışdır.

2022-ci ilin 6 dekabrında Cakartada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İndoneziya Respublikası Xarici İşlər Nazirliyi (İR XİN-in Xarici Siyasət Strategiyası Agentliyi) arasında 3-cü ikitərəfli siyasi məsləhətləşmələr – “3-cü Siyasi Planlaşdırma Dialoqu” keçirilmişdir. Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin Xarici Siyasət Strategiyası Agentliyinin rəhbəri, baş direktor Dr. Yayan GH Mulyana rəhbərlik etmişdir.Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

 2023-cü ilin 5-6 iyul tarixlərində Qoşulmam Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilmiş Nazirlər İclasında İndoneziya Xarici işlər nazirinin çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müavini, səfir Tri Tharyat iştirak etmişdir. 

2023-cü ilin 10-11 avqust tarixlərində İndoenziyanın Cakarta şəhərində İndoneziya Konstutisiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə keçirilmiş Beynəlxalq Baş Hakimlər Forumunda Azərbaycan Respublikasının Konstutisiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2023-cü ilin 9-11 oktyabr tarixlərində İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas Azərbaycan Respublikasında səfərdə olmuşdur.

2023-cü ilin 23 noyabr tarixində İndoneziyanın əmək naziri İda Fauziyah Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransında iştirak etmişdir. Konfrans 21-23.11.2023-cü tarixlərində keçirilmişdir.

Parlament əlaqələri

2012-ci ilin 8-10 noyabr tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov İndoneziyada rəsmi səfərdə olmuşdur.

2013-cü ilin 15-18 aprel tarixlərində İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Ali Azərbaycanda səfərdə olmuşdur.

2018-ci ilin 19-22 sentyabr tarixlərində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə İndoneziya Regional Nümayəndələr Şurasının Sədri Oesman Sapta iştirak  etmişdir.

2022-ci ilin 4 oktyabr tarixində Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün İndoneziyanın paytaxtı Cakarta şəhərinə səfər etmişdir.

2023-cü ilin 31 yanvar tarixində Milli Məclisdə  Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Azərbaycanda səfərdə olan İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

2023-cü ilin 5-6 iyul tarixlərində Qoşulmam Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilmiş Nazirlər İclasında İndoneziya Xarici işlər nazirinin çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müavini, səfir Tri Tharyat iştirak etmişdir. 

2023-cü ilin 5-10 avqust tarixlərində Milli Məclisin müşahidəçi qismində təmsil olunduğu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Parlamentlərarası Assambleyası (PA) Baş Assambleyasının 44-cü iclası Cakarta şəhərində keçirilmişdir.  Azərbaycanı bu mötəbər tədbirdə Milli Məclisin deputatı Kamran Bayramov və Milli Məclisin sədrinin köməkçisi Elmar Hüseynov təmsil etmişdir. Onlar iclas çərçivəsində “Parlament əməkdaşlığı: Sülh, sabitlik və tərəqqi naminə ortaq öhdəliklər” mövzusunda keçiriləcək müşahidəçi ölkələrlə dialoq panelinə qatılmış, həmçinin Milli Məclisin üzv ölkə parlamentləri ilə əməkdaşlıq və gələcək perspektivlər barədə müzakirələrdə iştirak etmişlər.

2023- cü ilin 20-23 sentyabr tarixlərində Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon ilə Milli Məclisin sədri Sahibə Qafarova görüşüb.

2023-cü ilin 5 dekabr tarixində Qərbi Azərbaycan İcmasında Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransın qonaqlarından olan İndoneziya Üləmalar Şurasının Xarici Əlaqələr Komissiyasının sədri səfir Bunyan Saptomo ilə İcma sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli arasında görüş keçirilib.

2024-cü ilin 20-24 fevral tarixlərində Bakıda keçirilmiş Asiya Parlamentlərarası Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası Əlaqələr Komitəsinin sədri cənab Fadli Zonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.

 

 Xarici işlər nazirləri

2008-ci ilin 11-12 may tarixlərində İndoneziya Respublikasının Xarici İşlər naziri Həsən Virayuda Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

2011-ci ilin 25-27 may tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Balidə keçirilmiş Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında iştirak etmək üçün İndoneziyada səfərdə olmuşdur.

Humanitar sahədə əməkdaşlıq

 

Mədəniyyət

2016-cı ilin 19-20 noyabr tarixlərində Bakıda 1-ci İndoneziya Mədəniyyət Festivalı keçirilmişdir.

2017-ci ilin 9-10 sentyabr tarixlərində Bakıda 2-ci İndoneziya Mədəniyyət Festivalı keçirilmişdir.

2018-ci ilin 11-16 sentyabr tarixlərində Bakıda 3-cü İndoneziya Mədəniyyət Festivalı keçirilmişdir. 

 

Təhsil

2010-cü ildə Azərbaycan Dillər Universitetində İndoneziya Araşdırmalar Mərkəzi təsis edilmişdir.

2013-cü ilin 14 mart tarixində Bakı Dövlət Universiteti ilə Sumatra Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.

2015-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti və İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin Təhsil və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır.

2018-ci ilin 17 dekabr tarixində İndoneziya Universitetinin Tədris İşləri üzrə prorektoru Bambanq Vibavortanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Dillər Universiteti və İndoneziya Universiteti  arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

 

Humanitar yardım

2005-ci ildə 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ və sunami ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq BMT vasitəsi ilə İndoneziya Respublikasına 1 milyon ABŞ dolları həcmində humanitar yardım göstərilmişdir.

2006-cı ildə İndoneziya Respublikasında 6.3 bal gücündə meydana gəlmiş zəlzələ ilə əlaqədar humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 100 min ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

2009-cu ildə İndoneziyanın Qərbi Sumatra adasında baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İndoneziya Respublikasına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

2018-ci ilin 3 oktyabr tarixində İndoneziyanın Lombok adasında 2018-ci ilin 5 avqust tarixində baş vermiş zəlzələ ilə əlaqədar humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

2018-ci ilin 8 noyabr tarixində İndoneziyanın Sulavesi adasında 2018-ci ilin 28 sentyabr tarixində baş vermiş zəlzələ ilə əlaqədar humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

2016-cı ilin 1-2 fevral tarixlərində Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu keçirilmişdir. 

2021-ci ilin 30 aprel tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanmışdır.  

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (mln ABŞ dolları / İndoneziya tərəfinin rəsmi statistikası)

 

İllər

Ticarət dövriyyəsinin həcmi

İxrac

İdxal

2019

55,825

366.18

55,459

2020

29,658

458.00

29.200

2021

233.8

6.0

227.7

2022

844.1

3.6

840.5

2023

 (yanvar-sentyabr)

254.7

4.1

250.6

 

 

 

Azərbaycana İndoneziyadan idxal: xam palma yağı və onun fraksiyaları, kokos yağı və onun fraksiyaları, taxta-şalban, çoxqatlı panellər, toxuculuq materialları

Azərbaycandan İndoneziyaya ixrac: xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları

Müqavilə-hüquq bazası

İki ölkə arasında 13 sənəd imzalanmışdır.

İqtisadi sahə üzrə qüvvədə olan əsas sənədlər (sazişlər və memorandum)

  • Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında İqtisadi və Texniki Əməkdaşlıq haqqında Saziş.
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Memorandum (Azərbaycan Respublikası Prezidentinin 03.06.2023-cü il tarixli 2165 nömrəli Fərmanı ilə təsdiq edilmişdir)

Arxiv üzrə axtarış