İndoneziya və Filippinə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün məlumat

Ümumi məlumat:

Ölkənin rəsmi adı: İndoneziya Respublikası
Paytaxt: Cakarta şəhəri
Ərazisi: 1,919,440 kv. Km
Əhalisi: 220-230 milyon
Dövlət dili: Bahasa İndoneziya
İstifadə olunan digər dillər: İngilis, holland, 150-250 yerli dil və dialekt
Rəsmi olaraq tanınmış dinlər: İslam (88.2%), Xristianlıq, Hinduizm, Buddizm, Konfusianizm

Viza rejimi: İndoneziyanın giriş məntəqələrində xarici vətəndaşlara viza rəsmiləşdirilməsi Azərbaycan Respublikasının vətəndaşlarına şamil edilmir. Bu səbəbdən ölkəyə səfər etmək niyyətində olan Azərbaycan vətəndaşları İndoneziyanın İrandakı Səfirliyindən viza almalıdırlar.
“Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş gəlişi haqqında Saziş” 2008-ci ilin mayında imzalanmışdır. Azərbaycan tərəfi ölkədaxili proseduru bitirmişdir, Sazişə İndoneziya tərəfində baxılır.

Vizaların alınması üçün zəruri olan sənədlər:

Turist və işgüzar viza: Çap edilməklə doldurulmuş 2 ədəd ərizə-anket forması, 4 ədəd rəngli fotoşəkil (4x6sm ölçüdə, fon qırmızı rəngdə), müddətinin bitməsinə azı 6 ay qalmış pasport, turist vizası üçün geri aviabilet, işgüzar viza üçün İndoneziyadan dəvət məktubu. Dövlət rüsumu $ 45-dir.
Diplomatik və xidməti viza: Çap edilməklə doldurulmuş diplomatik və xidməti viza üçün ərizə-anket forması, 2 ədəd rəngli fotoşəkil (4x6sm ölçüdə, fon qırmızı rəngə), müddətinin bitməsinə azı 6 ay qalmış diplomatik və ya xidməti pasport, şəxsiyyəti təsdiq edən sənəd, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Notası.
 
Qaydalara mütəmadi dəyişikliklər edilir, viza üçün müraciət etməzdən öncə İndoneziyanın Səfirliyi ilə əlaqə saxlanılması məsləhətdir:
 
İnternet səhifəsi:  http://jakarta.mfa.gov.az/content/37

İndoneziya vətəndaşlarına Azərbaycana viza alınması qaydaları Azərbaycanın İndoneziyadakı Səfirliyinin internet səhifəsində göstərilmişdir:  http://jakarta.mfa.gov.az/content/37

İndoneziyada qalma qaydaları: Xaricilər ölkəyə gələrkən təyyarədə onlara verilmiş immiqrasiya kartının “arrival” hissəsini doldurmalıdırlar. Kartın həmin hissəsi immiqrasiya xidmətinin əməkdaşları tərəfindən götürülür, sənədin “departure” hissəsi möhürlənərək həmin şəxsə qaytarılır, o  ölkəni tərk etdiyi zaman həmin hissəni dolduraraq immiqrasiya xidmətinin əməkdaşına verir. Mehmanxanalarda qalan xarici vətəndaşlar istisna olmaqla digər yerlərdə yaşayan xaricilər yerli polis orqanlarında qeydiyyatdan keçməlidirlər. Ölkədə 90 (doxsan) gündən artıq müddətə qalan xaricilər İmmiqrasiya xidmətində qeydiyyatdan keçməklə müvəqqəti və ya daimi yaşayış hüququ alırlar.

İkitərəfli nəqliyyat imkanları: Azərbaycanla İndoneziya arasında birbaşa hava əlaqəsi mövcud deyildir. İndoneziyaya səfər üçün ən qısa və maliyyə cəhətdən sərfəli Bakı-Dubay (Azal şirkəti), Dubay – Cakarta (Emirates Airlines şirkəti) və eyni formada geri marşrutdur. İndoneziyaya Frankfurt, Moskva, İstanbul, Kuala-Lumpur, Sinqapur və digər şəhərlərdən tranzitlə keçməklə də gəlmək olar.

Xarici vətəndaşlar İndoneziyadan uçarkən hava limanlarında  150 000 Rupiya (təqribən $ 13) aeroport vergisi ödəməlidirlər, ölkədaxili uçuşlar zamanı isə 40 000 ($ 3.5) ödənilir.

Təhlükəsizlik: İndoneziyanın Mərkəzi Sulavesi, Maluku, Açeh və Papua əyalətləri mütəmadi baş verən qarşıdurmalar səbəbindən qeyri-sabit bölgələr sayılır.
 “Blue bird” və “Silver bird” taksi şirkətlərinin xidmətlərindən istifadə edilməsi məsləhətdir.

Bayram və istirahət günləri: Şənbə və bazar ölkədə istirahət günləri, 1 yanvar, 17 avqust və 25 dekabr isə rəsmi bayram günləri sayılır. Bunlarla yanaşı hər il üçün müxtəlif tarixlərə müəyyən edilən bir neçə bayram mövcuddur. 2009-cu il üçün 2 yanvar, 26 yanvar, 9 mart, 26 mart, 10 aprel, 9 may, 21 may, 20 iyul, 18 sentyabr, 21-22 sentyabr, 27 noyabr, 18 dekabr və 24 dekabr əlavə bayram günləri təyin edilmişdir.

Azərbaycanla vaxt fərqi: İndoneziyada 3 vaxt zonası mövcuddur: paytaxtın yerləşdiyi Cava, Sumatra, Qərbi və Mərkəzi Kalimantanın Azərbaycana nisbətən vaxt fərqi +3, Şərqi və Cənubi Kalimantan, Sulavesi və Balinin +4, Maluku və Papua əyalətlərinin isə + 5 saat təşkil edir. Azərbaycanda yay vaxtına keçid zamanı həmin bölgələrlə vaxt fərqi 1 saat azalır.

İqlim: İndoneziya tropik, rütubətli iqlimə malikdir. Ölkədə iki mövsüm mövcuddur: quru və yağışlar mövsümü. Yağışlar mövsümü oktyabrdan aprelədək davam edir. Havanın orta hərarəti 28 °C, rütubəti 70 -90 % təşkil edir.

Milli valyuta: İndoneziya Rupiyası. ABŞ dollarına olan məzənnəsi qeyri-sabitdir. 2009-cu ilin fevralı üçün orta məzənnə $ 1 = Rp. 11 500 təşkil edir. Banklarda və digər puldəyişmə məntəqələrində 2003-cü ildən öncə çap edilmiş, həmçinin əzilmiş, üzərində qeydlər edilmiş ABŞ dollarları aşağı məzənnə ilə dəyişilir, bir çox hallarda isə ümumiyyətlə qəbul edilmir. Bu səbəbdən İndoneziyaya səfər edəcək Azərbaycan vətəndaşlarının özləri ilə ölkəyə yeni və əzilməmiş ABŞ dollarları gətirmələri məsləhət görülür.  Ölkədə yalnız yerli valyutadan istifadə edilir.

Gömrük qaydaları, sanitar və veterinar nəzarəti: Ölkəyə giriş zamanı gömrük bəyannaməsi doldurulmalıdır. 200 ədəd siqaret və 1 litrədək spirtli içki gömrük rüsumu tutulmadan ölkəyə gətirilə bilər. Narkotik vasitələr və silahların ölkəyə gətirilməsi qadağandır. İndoneziyada narkotik vasitələrin yayılması və onlardan istifadəyə görə ölüm cəzası tətbiq edilir.
Rp. 100 000 000 (təqribən $ 8700 ) və ondan artıq, yaxud da ki, həmin məbləğə bərabər olan digər valyutaların ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması zamanı gömrük orqanına məlumat verilməlidir. İndoneziyanın milli valyutasının ölkədən çıxarılması zamanı İndoneziya Bankından rəsmi icazə alınmalıdır. 
Ev heyvanları ölkəyə gətirilərkən beynəlxalq veterinar sertifikat və heyvanın peyvənd olunması barədə arayış təqdim edilməlidir. Nadir heyvanların ölkədən çıxarılması qadağandır. Ətraflı məlumat İndoneziyanın İrandakı Səfirliyindən alına bilər.   

Sanitariya:  Diareya, qarın yatalağı, hepatit A və E, tropik qızdırma,çikunqunya, malyariya xəstəlikləri mövcuddur.

Ümumi məlumat:

Ölkənin rəsmi adı: Filippin Respublikası
Paytaxt: Manila şəhəri
Ərazisi: 300 000 min km²
Əhalisi: 84.6 milyon
Dövlət dili: Filippin və ingilis, təqribən 111 yerli dil və dialekt
Rəsmi olaraq tanınmış dinlər:Xristianlıq (92 %), İslam

Viza rejimi: Filippinin giriş məntəqələrində xarici vətəndaşlara viza rəsmiləşdirilməsi Azərbaycan Respublikasının vətəndaşlarına şamil edilmir. Bu səbəbdən ölkəyə səfər etmək niyyətində olan Azərbaycan vətəndaşları Filippinin Türkiyədəki Səfirliyindən viza almalıdırlar. Viza alınması üçün zəruri sənədlərlə bağlı həmin Səfirliyə müraciət edilməlidir.

Ünvan: Ankara, Mahatma Gandhi Cad.56, 06700 G/O/P/
Tel: (90312) 446 58 31
Faks: (90312) 446 57 33
E-mail: ankarape0706@ttnet.net.tr

Filippin vətəndaşlarına Azərbaycana viza alınması qaydaları Azərbaycanın İndoneziyadakı Səfirliyinin internet səhifəsində göstərilmişdir: http://jakarta.mfa.gov.az/content/37

İkitərəfli nəqliyyat imkanları: Azərbaycanla Filippin arasında birbaşa hava əlaqəsi mövcud deyildir. Filippinə səfər üçün ən qısa və maliyyə cəhətdən sərfəli Bakı-Dubay (Azal şirkəti), Dubay – Manila (Emirates Airlines şirkəti) və eyni formada geri marşrutdur.

Xarici vətəndaşlar Filippindən uçarkən hava limanlarında  550 Peso  aeroport vergisi ödəməlidirlər. Daxili uçuşlar zamanı 100 Peso ödənilir.

Təhlükəsizlik: Ölkənin cənubu, xüsusilə Mindanao adası mütəmadi baş verən qarşıdurmalar səbəbindən qeyri-sabit bölgələr sayılır.

Bayram və istirahət günləri: Şənbə və bazar ölkədə istirahət günləri, 1 yanvar, 12 fevral, 16,17 aprel, 1,6 may, 12 iyun, 30 avqust, 30 noyabr, 25 və 30 dekabr isə rəsmi bayram günləri sayılır.

Azərbaycanla vaxt fərqi: +4 saat, Azərbaycanda yay vaxtına keçid zamanı vaxt fərqi 1 saat azalır.

İqlim: Filippin tropik iqlimə malikdir. Ölkədə iki mövsüm mövcuddur: quru və yağışlar mövsümü. Yağışlar mövsümü iyundan oktyabradək davam edir. Havanın orta hərarəti quru mövsümdə 30-37 °C,  yağışlar mövsümündə isə 22-31°C təşkil edir.

Milli valyuta: Filippin Pesosu. ABŞ dollarına olan orta məzənnəsi $1 = 50 Peso təşkil edir. Məzənnə dəyişkəndir.

Gömrük qaydaları, sanitar və veterinar nəzarəti: Ölkəyə giriş zamanı immiqrasiya kartı və  gömrük bəyannaməsi doldurulmalıdır. 400 ədəd siqaret və 2 şüşə spirtli içki gömrük rüsumu tutulmadan ölkəyə gətirilə bilər. Narkotik vasitələr, silahlar, əntiq əşyalar, rəsm əsərlərinin ölkəyə gətirilməsi qadağandır. Ölkədən 200 siqaret, 0.95 litr spirtli içki çıxarılmasına icazə verilir.
Ölkəyə $ 3000-dən artıq vəsait gətirildiyi təqdirdə gömrük bəyannaməsində bu barədə qeyd edilməlidir. Ölkəyə gətirilən miqdarda xarici valyutanın ölkədən çıxarılmasına icazə verilir. 1000 Pesodan artıq milli valyutanın Filippindən çıxarılması qadağandır. 
Ev heyvanları ölkəyə gətirilərkən quduzluğa qarşı peyvənd olunması barədə şəhadətnamə təqdim edilməlidir. Əks halda həmin heyvan 10 gün müddətində karantində saxlanılır.

Filippində qalma qaydaları: Xarici ölkə vətəndaşları vizada göstərilmiş müddətdən artıq ölkədə qala bilməzlər. Daimi yaşayış vizası alınması üçün onlar giriş vizasının müddəti bitənədək ölkəni tərk etməli, digər ölkədəki Filippin Səfirliyindən daimi yaşayış vizası almalıdırlar. 


Arxiv üzrə axtarış