Səfirin müraciəti

Hörmətli qonaqlar,

Sizi Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsində ürəkdən salamlayıram.

İnternet səhifəmizdə Azərbaycan, Səfirliyin təşkil etdiyi tədbirlər və Azərbaycan ilə İndoneziya arasındakı genişmiqyaslı münasibətlər haqqında məlumatlar ilə tanış ola bilərsiniz. Eyni zamanda, səhifəmizdə konsulluq və viza məsələlərinə dair bölmə, Azərbaycanda baş verən hadisələr ilə bağlı aktual xəbərlər, eləcə də Azərbaycanla əlaqədar bir sıra digər informasiya mənbələrinə keçidlər yerləşdirilmişdir.

Azərbaycan təbii sərvətləri ilə yanaşı, qədim dövrlərə təsadüf edən zəngin mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanınmaqdadır. Azərbaycan xalqı tərəfindən 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. İki il müstəqilliyini qorumuş Cümhuriyyət 1920-ci ildə Sovet İttifaqı tərəfindən işğal edilmiş və Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etmişdir.

Bu gün müxtəlif etnik və dini qruplardan ibarət olan Azərbaycan xalqı sərbəst bazarı, möhkəm sosial institutları olan müasir və demokratik bir dövlət qurmaq üçün var gücüylə çalışır. Azərbaycanın xarici siyasəti öz milli maraqlarına söykənir, regionda və daha geniş miqyasda təhlükəsizliyin, sabitliyin əldə edilməsi məqsədilə qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində xarici ölkələr ilə sıx əlaqələrin qurulması bu siyasətin prioritet istiqamətlərindən biridir. Xarici siyasətimizdə ərazi bütövlüyümüzün bərpası, trans-regional iqtisadi layihələrin təşviqi, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi əsas yer tutur və ölkəmiz beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etməklə qlobal təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

Azərbaycan qlobal təhlükəsizliyin mühüm tərkib hissəsi olan enerji təhlükəsizliyinə də böyük töhfələr verir. Böyük beynəlxalq enerji şirkətləri ilə birlikdə həyata keçirilən enerji layihələrimiz nəinki xalqımıza, ölkəmizə fayda gətirir, həmçinin, Azərbaycanda və qonşu ölkələrdə on minlərlə iş yerinin yaradılmasına dəstək olur və beynəlxalq tərəfdaşlığa gətirib çıxarır.

Azərbaycan-İndoneziya münasibətləri ikitərəfli qardaşlıq və dostluq əlaqələrinə əsaslanan, qarşılıqlı siyasi dəstək ilə yanaşı, enerji sahəsində vacib əməkdaşlığın müşahidə olunduğu güclü, etibarlı tərəfdaşlığa söykənir. Ölkələrimiz arasında genişmiqyaslı ikitərəfli münasibətlər bir çox sahələrdə genişlənməkdədir.

Sizi internet səhifəmizin imkanlarından faydalanmağa dəvət edir, eyni zamanda suallarınızı və müraciətlərinizi cavablandırmağa hər zaman hazır olduğumuzu bildirirəm.

İnternet səhifəmizə baş çəkdiyiniz üçün təşəkkür edirik.

 

Hörmətlə,

Cəlal Mirzəyev

Azərbaycan Respublikasının İndoneziya Respublikasında

fövqəladə və səlahiyyətli səfiri

Arxiv üzrə axtarış