2023-04-03

“İndoneziya dili öyrənən azərbaycanlı tələbələrin nitqində interferensiya” - seminar

Martın 15-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının iclasında filologiya üzrə fəlsəfə doktoru Nəbiyyə Zərbəlinin “İndoneziya dili öyrənən azərbaycanlı tələbələrin nitqində interferensiya” mövzusunda məruzəsi dinlənilib.

Nəbiyyə Zərbəli çoxlu sayda tayfaların məskunlaşdığı İndoneziyada dövlət dili ilə yanaşı, etnik və milli azlıqların dilləri və mədəniyyətlərinin də öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib. Bildirib ki, 270 milyon əhalisi olan İndoneziyada 700-ə yaxın dil mövcuddur. Bu dildə cümlə strukturu Azərbaycan dilindən fərqli olaraq “Mübtəda, xəbər, ikinci dərəcəli üzvlər” sırasındadır. Fonetik intereferensiyadan danışan məruzəçi vurğulayıb ki, söz tərkibində “e-ə “saitləri yerini “ı” saitinə verir: mereka-mırıka.

Seminarda Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli İndoneziya-Azərbaycan münasibətlərindən bəhs edərək bildirib ki, son illər ərzində iki ölkə əməkdaşlığını daha da gücləndirib. “Biz xalqlarımız arasında dostluq münasibətlərinin güclənməsinə, mədəniyyətlərimizin inteqrasiyasına da önəm veririk”, - deyə professor əlavə edib.

Sonda məruzə ətrafında geniş müzakirə aparılıb.

Arxiv üzrə axtarış