2023-04-10

Ağdam rayonunun Ergi düzü adlanan ərazisində tapılan məzarlıqla əlaqədar Ombudsman Səbinə Əliyevanın beynəlxalq ictimaiyyətə M Ü R A C İ Ə T İ

Ağdam rayonunun Ergi düzü adlanan ərazisində tapılan məzarlıqla əlaqədar Ombudsman Səbinə Əliyevanın beynəlxalq ictimaiyyətə M Ü R A C İ Ə T İ

Təəssüflə qeyd etmək istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən geniş bərpa və quruculuq işləri əsasında aparılan qazıntı və tikinti işləri zamanı  erməni vandalizminin qurbanı olmuş insanların qətlə yetirilərək basdırıldığı kütləvi məzarlıqlar aşkar edilməkdədir.

Ağdam rayonunun Ergi düzü adlanan ərazisində aparılan qazıntı işləri zamanı insan skeletinə bənzər sümüklərin tapılması işğal müddətində Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin növbəti izlərini aşkara çıxarır. 

Belə ki, bundan öncə də işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarda aparılan araşdırmalar nəticəsində həmin qalıqların Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək müxtəlif işgəncələrə məruz qaldıqdan sonra amansızcasına qətlə yetirilən azərbaycanlılara aid olduğuna dair çoxsaylı faktlar əldə edilmişdir. 

Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirmir,  işarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq xəritələrini Azərbaycan tərəfinə təqdim etmir və bununla da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edərək, itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi, işarələnməmiş minaların və kütləvi məzarlıqların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram.

 

 

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

 

07 aprel 2023-cü il

 

Arxiv üzrə axtarış