2023-05-29

28 May Müstəqillik Gününə həsr olunmuş tədbir

Cari ilin 25 may tarixində Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi tərəfindən 28 May Müstəqillik gününə həsr olunmuş tədbir keçirilmişdir.

 Tədbirdə İndoneziya tərəfindən rəsmi qonaq qismində ölkənin nəqliyyat naziri Budi Karya Sumadi çıxış etmişdir.

Sözügedən tədbirdə İndoneziya Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, müvafiq nazirlik, dövlət komitələri, eləcə də yerli KİV nümayəndələri iştirak etmişlər. Habelə, tədbirdə İndoneziya Respublikasında akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri və digər vəzifəli şəxsləri də iştirak etmişlər.

Rəsmi mərasimə başlamazdan əvvəl, tədbir iştirakçıları foyedə sərgilənmiş Azərbaycan Respublikasının təbiət gözəlliklərini özündə əks etdirən Fotostendlə tanış olmuşlar.

Mərasimin əvvəlində Azərbaycanın və İndoneziyanın dövlət himnləri səsləndirilmişdir, sonra Azərbaycan Respublikasının 105 illik Müstəqillik tarixini özündə əks etdirən foto göstərilmiş, qonaqlara Azərbaycanın qədim tarixi-mədəni abidələrini, əsrarəngiz təbiətini, tarixi dərin köklərə bağlanan adət-ənənələrini, həmçinin ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlarını əks etdirən sənədli film nümayiş olunmuşdur. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfiri Cəlal Mirzəyev  bildirmişdir ki, 105 il bundan əvvəl 28 may 1918-ci ildə ilk dəfə olaraq Şərqdə dünyəvi dəyərlərə söykənən demokratik və müstəqil Azərbaycan Respublikası yaradılmışdır. Diplomat qeyd etmişdir ki, yeni qurulmuş Respublika qısa müddət ərzində böyük nailiyyətlər əldə etmiş, həmin dövrdə müstəqil dövlətin əsasları, ölkəmizin 70 il sonra yenidən müstəqillik əldə etməsi üçün təməl qoyulmuş, 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etməklə mürəkkəb daxili və xarici çağırışlarla üzləşmişdir. Səfir Müasir Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində bu siyasi və iqtisadi təlatüm dövrünün başa çatdığını, Ümummilli Liderin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə mövqelərini günü-gündən möhkəmləndirdiyini qeyd etmişdir. Diplomat bildirmişdir ki, Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biri digər dövlətlərlə qarşılıqlı hörmət, etimad və dostluğa əsaslanan əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu baxımdan, Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında ikitərəfli əlaqələr xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasındakı əlaqələrə toxunan diplomat qeyd etmişdir ki, Azərbaycan Respublikası İndoneziya Respublikası ilə ikitərəfli əlaqələrə xüsusi önəm verir və bu əlaqələrin bütün sahələrdə genişləndirilməsində və dərinləşməsində çox maraqlıdır. Möhkəm təməl üzərində qurulmuş Azərbaycan-İndoneziya münasibətləri bu gün də yüksək inkişaf dinamikası və nümunəviliyi ilə seçilir. Həmçinin, öz çıxışında Səfir diplomatik münasibətlərimizin qurulmasının keçən il 30 illiyinin qeyd edilməsinə, habelə 2022-ci ildə     iki ölkə arasında ticarət dövriyyəsinin bir milyard ABŞ dollarına yaxın olmasının ikitərəfli iqtisadi əməkdaşlığımızın səviyyəsini əyani şəkildə nümayiş etdirdiyinə toxunmuşdur. Bundan əlavə, diplomat son illər ölkələrimiz arasında imzalanmış bir sıra sazişlərin, o cümlədən Xarici İşlər Nazirliklərimiz arasında mütəmadi olaraq aparılan siyasi məsləhətləşmələrin Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına müsbət töhfə verdiyini də vurğulamışdır. Habelə, ötən il Azərbaycanın İndoneziya tərəfindən G20-nin sədrliyi çərçivəsində P20, R20 və B20 kimi bir sıra mühüm görüşlərə dəvət olunmasını qeyd edərək, İndoneziya Respublikasını keçən il uğurlu G20 sədrliyi münasibətilə təbrik etmiş və cair il ASEAN-ın sədrliyi üçün uğurlar arzulamışdır.

Azərbaycan ilə İndoneziya arasında dostluq münasibətlərinə toxunan səfir, 44 gün davam edən 2-ci Qarabağ-Vətən müharibəsi zamanı İndoneziyanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildimiş və bu dəstəyin dostluq münasibətlərimizin bariz nümunəsi olduğunu bildirmişdir. Səfir işğal dövrü ərzində dağıntılara məruz qalmış torpaqlarımıza öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşən vətəndaşlarımızın “böyük qayıdışı”nı ləngitsə də, Prezidentimizin əzmi və iradəsi, elcə də Azərbaycan xalqının zəhmətsevərliyi sayəsində ölkəmizin bu çətinliyin də öhdəsindən gələcəyini qeyd edərək, Azərbaycan Prezidentinin dediyi kimi: “Biz Qarabağı yenidən cənnət edəcəyik” sözləri ilə fikrini tamamlamışdır.

            Daha sonra İndoneziyanın Nəqliyyat naziri Budi Karya Sumadi çıxış etmişdir. Çıxışında  dövlətlərimiz arasında mövcud olan sıx və mehriban ikitərəfli münasibətlərə toxunan nazir, bu əlaqələrin istər regional, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində arzu olunan müstəvidə inkişafından öz məmnunluğunu ifa etmişdir. İki ölkə arasında mövcud olan əlaqələrin bütün sahələr üzrə gələcək illərdə daha da inkişaf edəcəyinə böyük ümid bəslədiyini qeyd edən qonaq bunun üçün hər iki ölkənin bütün səylərini yönəldəcəyinə ümidvar olduğunu ifadə etmişdir.

Tədbir CNN İndoneziya daxil olmaqla, bir çox yerli KİV-lər tərəfindən geniş işıqlandırılmışdır.

 

 

Arxiv üzrə axtarış