2023-09-21

Bərpaolunan və yaşıl enerji sahəsində Sinqapur şirkəti ilə əməkdaşlıq ediləcək

“Trafigura Pte Ltd” şirkəti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar. Həmçinin “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə “Trafigura Pte Ltd” şirkəti arasında da Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar. Sənədlərdə, bərpaolunan və yaşıl enerji, dekarbonizasiya, alüminium istehsalı və digər istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazir Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəfin energetika, xammal və əlvan metal sahələrində fəaliyyət göstərən “Trafigura Pte Ltd” şirkətinin baş icraçı direktoru və sədri Ceremi Veir ilə görüşündə ölkəmizin əlverişli biznes və investisiya mühiti, özəl sektor üçün yaradılan imkanlar qeyd olunub. Diqqətə çatdırılıb ki, qlobal çağırışlara uyğun olaraq, təmiz ətraf mühit və yaşıl enerji ölkəsinə çevrilmə Azərbaycanda əsas prioritetlərdəndir. İqtisadiyyat naziri, həmçinin enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr, onların icra vəziyyəti barədə məlumat verib. “Trafigura Pte Ltd” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının bərpaolunan enerji, hasilat və alüminium istehsalı sahəsində Sinqapur təcrübəsinin tətbiqi baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Sinqapurun “Trafigura” şirkəti energetika, xammal və əlvan metal ticarəti ilə məşğul olan qlobal miqyaslı şirkətlərdən biridir. İllik dövriyyəsi 300 milyard ABŞ dollarından çox olan şirkət dünyanın bir sıra ölkələrində 60-dan çox ofisə malikdir.

 

 

Arxiv üzrə axtarış