2023-12-11

Səfir: Azərbaycanda dinlər arasındakı münasibətləri İndoneziyada tətbiq etmək çox vacibdir

Dekabrın 7-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini, müfti Salman Musayev ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Üləma Şurasının Xarici Əlaqələr Komissiyasının sədri, səfir Bunyan Saptomon ilə görüşüb.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müfti Salman Musayev QMİ-nin keçdiyi tarixi yol, fəaliyyət istiqamətləri, dinlərarası dialoqa və məzhəblər arasında vəhdətin əldə olunmasına verdiyi töhfələr barədə ətraflı danışıb. O bildirib ki, Azərbaycandakı din-dövlət münasibətləri, İslami məzhəblər arasında birlik yüksək səviyyədədir və başqa ölkələrə bir nümunə kimi göstərilir.

QMİ sədrinin birinci müavini Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılan dini abidələr barədə qonağa məlumat verərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti nəticəsində 30 ildən sonra ölkənin ərazi bütövlüyü təmin edilib. İşğaldan azad olunan ərazilərdə aparılan böyük miqyaslı quruculuq işləri sayəsində məscid və ziyarətgahlar, digər dinlərə aid ibadət ocaqları bərpa edilir.

Xoş qarşılanmaya görə təşəkkür edən İndoneziya Üləma Şurasının Xarici Əlaqələr Komissiyasının sədri, səfir Bunyan Saptomon ölkəmizə səfəri, burada keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq bildirib ki, təmsil etdiyi Üləma Şurası öz ətrafına 60-dan çox təşkilatı birləşdirən nüfuzlu dini qurumdur. Azərbaycanda dinlər, mədəniyyətlər və məzhəblər arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edən qonaq bildirib ki, bu təcrübəni öyrənmək və İndoneziyada tətbiq etmək çox vacibdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış