2023-12-19

Filippinli səyahətçi: Azərbaycan mütləq ziyarət edilməli ölkələr siyahısında ilk yerdədir

Sakit Okean Asiya Səyahət Assosiasiyasının (PATA) Filippin bölməsinin rəhbəri Bob Zozobrado Azərbaycana səfər edərək ölkəmiz barəsində maraqlı məqalə yazıb.

Məqalə Filippinin manilastandard.net saytında dərc olunub (https://manilastandard.net/lifestyle/lifestyle-columns/mercury-rising-by-bob-zozobrado/314399919/azerbaijan-take-another-look.html)

 Məqalə müəllifi səfərindən öncə Azərbaycanla bağlı məlumatlı olduğunu qeyd edir: “Çünki bura tələbələrimə barəsində dərs keçdiyim ölkələrdən biridir”.

Bob Zozobrado Azərbaycana səyahətinin onun üçün maraqlı və yaddaqalan olduğunu vurğulayıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının dizaynını çox bəyəndiyini vurğulayan müəllif ona Azərbaycanda bələdçiliyi Elvin Əlimuradovun etdiyini qeyd edir.

PATA nümayəndəsi bildirib ki, o, əvvəlcə Bakıda olub, daha sonra Şamaxıya yollanıb. Burada Cümə məscidinə baş çəkib. Müəllif məscidin VIII əsrdə tikildiyini, lakin zəlzələ və hücumlar nəticəsində dini abidənin bir neçə dəfə dağıdıldığını, sonra yenidən qurulduğunu qeyd edib.

Alpaka fermasına da baş çəkmiş Bob Zozobrado burada heyvanları yemləməkdən zövq aldığını bildirib.

O, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda da olub. PATA nümayəndəsi qoruğun 2007-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildiyini, qayaüstü rəsmlərin onda böyük maraq oyatdığını vurğulayıb. Müəllif Qobustan qayalıqlarını Cənubi Afrikanın Keyptaun şəhərindəki Masa dağı ilə müqayisə edib.

Bob Zozobrado Azərbaycanda olarkən milli yeməklərdən kababın, “Şah plov” və digər təamların dadına baxıb.

“Azərbaycana səyahətim mənim üçün çox unudulmaz oldu. Təmiz ətraf mühit, mehriban insanlar, bir-birindən gözəl tarixi-mədəni ərazilər Azərbaycanı mütləq ziyarət edilməli ölkələr siyahısında ilk yerə qoyur”, - deyə Bob Zozobrado məqaləsində bildirib.

 

Arxiv üzrə axtarış